[b]Atatürkün doğulduğu şəhərdə – SALONİKİ TƏƏSSÜRATLARI[/b]
27.11.2015 - 21:18
[b]Atatürkün doğulduğu şəhərdə – SALONİKİ TƏƏSSÜRATLARI[/b]

Saloniki. Paytaxt Afinadan sonra Yunanıstanın ikinci ən böyük şəhəri. Makedoniyalı İsgəndərin ögey bacısı Fessalonikanın adını daşıyan tarixi diyar.

 

Türk dünyasına böyük bağlılığı var Salonikinin. Təkcə onu demək bəs edər ki, Türkiyənin ilk prezidenti Mustafa Kamal Atatürk məhz bu şəhərdə dünyaya göz açıb. Üstəlik, uzun müddət türklərin tabeliyində olub Saloniki.

 

Ellada diyarına səfərimizin məramı Azərbaycanı Avropa Liqasında təmsil edən “Qəbələ”nin PAOK-la görüşünü işıqlandırmaq idi. “Qəbələ”nin qrupdan çıxmaq şansının o qədər də inandırıcı görünmədiyi bəlli idi. Amma “ümid sonda ölər” deyimini əsas tutaraq, Salonikiyə pessimist halda yollanmamışdıq.

 

Matçdan öncə baş məşqçi Roman Qriqorçuk narahat görünsə də, futbolçular rahat idilər. Ölkə çempionatında sürən qələbəsizlik seriyası belə, oyunçuların əhvalına mənfi təsir etməmişdi. Hamı Salonikidən 3 xalla qayıtmaq barədə düşünürdü.

 

İlk baxışdan məlum oldu ki, Saloniki tarixiliyinə rəğmən, o qədər də gözəl şəhər deyil. Binaların quruluşu, avtomobillərin markası, şəhərin dizaynı və “təmizliyi” Salonikinin müasir tələblərə cavab verməyən şəhər olduğunu bəlli edirdi. Şəhərin simasından iqtisadi böhrandan yaranan yoxsulluq yağırdı. Buna rəğmən, şən və pozitivdi Saloniki əhalisi. Şəhərin xanımlarının böyük qismi gözəl görünüşləri ilə seçilir, şərq və qərb koloritlərini özlərində birləşdirirlər. Həzin və hərəkətli musiqiləri isə insanın beynini dincəldir.

 

İqliminə də söz ola bilməz Yunanıstanın. Payız fəslində +20 dərəcə temperaturun olması bizi sevindirən məqamlardan idi. Yalnız oyunun keçirildiyi saatlarda hava kəskin şəkildə dəyişdi. Qalan vaxtlarda isə hava şəraiti Salonikini gəzib, maraqlı yerlərlə tanış olmağımız üçün əlverişli idi.

 

Yunanların “futbol xəstəsi” olduqlarını hamı bilir. Çılğın azarkeşlikləri ilə seçilirlər elladalılar. Amma oyundan öncə Salonikidə gözləmədiyimiz ab-hava ilə rastlaşdıq. Sakitlik, “idmanın şahı”na soyuq münasibət. Qısası, şəhərdən futbol qoxusu gəlmirdi. Sanki PAOK – “Qəbələ” görüşü yerli əhalinin vecinə deyildi. Yunanıstan qəzetləri görüşlə bağlı yazılara yer ayırsalar da, mətbuatın da matça yanaşması istənilən səviyyədə deyildi. “Qəbələ”ni qarşılamağa gəlmiş azsaylı yunan jurnalistlərin maraq dairəsində olan tək bir nəfər var idi. O da klubun futbol direktoru Toni Adams idi. Keçmiş ingilis futbolçunun əməliyyat olunduğunu və bu səbəbdən səfərdə iştirak etmədiyini biləndə qanları əməlli-başlı qaraldı.

 

Oyuna 1 saat qalda da, “Tumba” stadionunda boş yerlər “göz deşirdi”. Təsadüfi deyil ki, 28 minlik stadionda matçı cəmi 6-7 min azarkeş izlədi. Fransada baş verən terror hadisələri ilə əlaqədar, “Qəbələ” ilə görüşün təhlükəsizlik tədbirləri gücləndirilmişdi. İlk hissənin gedişində 2 dəfə partlayış səsi stadionda olanları ürkütsə də, narahatlığa əsas yox idi. Açıq-aşkar görünürdü ki, PAOK azarkeşləri doğma komandalarından inciyiblər. Oyunun gedişində ev sahiblərinin bəzi epizodlarda topu geriyə ötürmələri uğultu səsi, azarkeşlərin kəskin narazılığına səbəb oldu.

 

Qrupun digər matçında “Borussiya”nın “Krasnodar”a uduzması xəbəri PAOK-la oyunu “Qəbələ” üçün formala çevirdi. Nəticədə Bakıda olduğu kimi, Salonikidə də tərəflər qolsuz sülhə razılaşdılar. 90 dəqiqəlik mübarizə təkcə qolsuz yox, həm də vərəqəsiz başa çatdı. 

 

Bir sözlə, “Qəbələ” Salonikidən qələbə ilə qayıda bilmədi. Amma yunan komandalarına məğlubiyyətsizlik seriyasını davam etdirdi. Artıq tamah baş yarar və gərək ayağını yorğanına görə uzadasan. İndi qalır Avroliqanın qapısını möhkəm çırpmaq. Təbii ki, o qapını növbəti il yenidən açmaq şərtilə…

 

Tengiz MƏMMƏDOV

 

0