[b]Rəhman Hacıyev: “Neftçi” böyük bir missiya daşıyır - MÜSAHİBƏ[/b]
30.11.2015 - 00:00
[b]Rəhman Hacıyev: “Neftçi” böyük bir missiya daşıyır - MÜSAHİBƏ[/b]

Turun mərkəzi oyununda “Qarabağ”ı qəbul edən “Neftçi” minimal hesabla qalib gələrək, Ağdam təmsilçisi ilə son 9 oyundakı qələbəsiz seriyaya son qoymuş oldu. Oyunun taleyini həll edən yeganə qolun müəllifi Rəhman Hacıyev apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb

 

- Rəqib 2 dəfə qol vursa da, hakim hesaba almadı. Bu cür gərgin və dramatik keçən matç haqda nə deyə bilərsiniz?

- Gözlədiyimiz kimi, oyun çətin keçdi. Meydana qələbə qazanmaq üçün çıxmışdıq. Çünki “Qarabağ”ı bir xeyli müddətdi məğlub edə bilmirdik. Bu dəfə məqsədimizə nail olduq. Bu, bizim üçün sevindirici haldı. Əziyyət çəkdik, komanda yoldaşlarımı təbrik edir və təşəkkürümü bildirirəm. Qələbə tək mənə aid deyil, bunu komanda şəklində etmişik. Qol vurduğuma görə sevinirəm, amma qələbəni mən tək qazanmamışam. Artıq bunu unudub, növbəti oyuna hazırlaşmalıyıq.

 

- Derbi hesab edilən son iki oyunu uddunuz. Əsgər müəllim nəyi dəyişdi ki, futbolçular meydanda bu nəticələri əldə edə bildilər?

- Bu, futboldu, zəif rəqib yoxdu. Heç nə dəyişmədi. İndi daha ciddi hazırlaşırıq. Oyundu, udursan da, uduzursan da. Bu gün əziyyət çəkdik.

 

- Əvvəl futbolçularda bu istək, özünəinam yox idi...

- Elə deməzdim. Uğursuz oyunlarımızı şanssızlıqla bağlayardım. Onda da meydanda mübarizə aparırdıq.

 

- Çempionluq iddianız real görünməsə də, avrokuboklara vəsiqə qazanmaq üçün mübarizə aparacağınızı demək olarmı?

- Bunun üçün çalışırıq. “Neftçi” böyük bir missiya daşıyır. İstər öz çempionatımızda olsun, istərsə də avrokuboklarda, fərqi yoxdu, biz ancaq qələbə üçün mübarizə aparırıq.

 

- Bir epizodda cərimə zərbəsini Ruslan Qurbanov uğursuz şəkildə yerinə yetirdi. İkincidə topa sən yaxınlaşdın. Həmin vaxt Ruslan sənə nə dedi?

- Birincidə dedi ki, özümə inanıram. Topu verdim və dedim, gəl, vur. Dedi, ikinci dəfə cərimə zərbəsi olsa, sən vurarsan. Qol vurduğum epizodda yaxınlaşıb dedi ki, tələsmə. Dedim, narahat olma.

 

- Bir də vaxtı “öldürmək” üçün topu özündə çox saxlayırdın. Bu, baş məşqçinin tapşırığıdı?

- Baş məşqçi oyunun gedişatına uyğun nələrisə dəyişirdi. Elə olurdu, arxaya kömək edirdim, bəzən isə irəli atılırdım. Yəni baş məşqçi nə deyirdi, ona uyğun da hərəkət edirdik.

0