[b] Gökdəmir karyerasını başa vurub, Prosineçkini “neprav” çıxardı[/b]
30.11.2015 - 17:01
[b] Gökdəmir karyerasını başa vurub, Prosineçkini “neprav” çıxardı[/b]

“Ailə problemlərimə görə, “Simurq”dan ayrılandan sonra karyeramı bitirmək qərarına gəldim”. Bunu apasport.az saytına Azərbaycan yığmasının müdafiəçisi Əli Gökdəmir deyib.

 

Ötən mövsümü “Simurq”da keçirən 24 yaşlı futbolçu Azərbaycanı tərk etdikdən sonra Almaniyaya köçsə də, artıq 6 aydı futbolsuz qalıb. O, bunun səbəbi kimi atasının xəstəliyini göstərib: “Atamın səhhətində ciddi problem var. Onun yanında olmalı idim. Allaha şükür, artıq vəziyyəti yaxşılığa doğru gedir. Belə davam edərsə, karyeramı yenidən bərpa etmək barədə düşünə bilərəm. Hazırda Almaniyanın 4-cü liqa komandasında məşq edirəm. Futbola dönəsi olsam, yəqin ki, elə Almaniyada oynayaram. Çünki Azərbaycana dönəcəyimə ümidim yoxdu. Amma təklif gəlsə, düşünə bilərəm. Türkiyədə isə futbolçuların pulunu ödəmirlər. Hazırda da vəziyyət elədi ki, ailəmə baxmaq məcburiyyətindəyəm”.

 

Keçmiş komandası “Simurq”un fəaliyyətini dayandırmasına da münasibət bildirən Gökdəmirin fikrincə, klub rəhbərliyi futbolçulara borclarının silinməsi üçün bu addımı atıb: “Simurq”un bütün futbolçulara borcu var idi. Əcnəbi oyunçular da rəhbərliyi FİFA-ya şikayət etməklə hədələyirdi. Onlar da komandanın adını dəyişdilər. Bütün bunlar borcların silinməsi üçün edildi. Məncə, artıq klub rəhbərliyindən nəsə tələb etmək yersizdi. Həyatımda ilk dəfə idi ki, belə bir şey görürdüm. Almaniyada belə hadisə ilə üzləşməyin mümkün deyil. Həmin legionerlərin bəziləri indi də Azərbaycan haqqında mənfi fikirdədilər. Ancaq mən haqqımı o komandaya halal etdim”.

 

Yığmamızın baş məşqçisi Robert Prosineçki bu yaxınlarda Almaniyanın IV divizionunu həvəskar liqa adlandırmış, ordan heç kimi çağırmağı düşünmədiyini bildirmişdi. Gökdəmir isə IV liqanın Prosineçkinin düşündüyü qədər zəif olmadığını söyləyib: “Yəqin baş məşqçi düşünür ki, aşağı liqalardakı futbolçular yığmaya yaraşmaz. Bir növ haqlıdı. Amma Prosineçki burdakı komandaların zəif olduğunu düşünməklə səhv edir. Elədisə, Azərbaycan klubları gəlib buranın IV liqa komandaları ilə oynasınlar, görək. Almaniyanın 87 milyon əhalisi var, komanda sayı isə yüzlərlədi. O ki qaldı Azərbaycana, orda cəmi 4 güclü komanda var. Heç “Neftçi” indi əvvəlki gücündə deyil”.

 

Qeyd edək ki, Əli Gökdəmir Azərbaycan yığmasının heyətində 10 oyun keçirib.

 

Ruslan SADIQOV

0