[b]“Rəvan” rəhbərliyi azad mətbuatın səsini kəsmək istəyir”[/b] - baş redaktor
01.12.2015 - 17:27
[b]“Rəvan” rəhbərliyi azad mətbuatın səsini kəsmək istəyir”[/b] - baş redaktor

“Biz klublarda olan çatışmazlıqları imkan daxilində yazmağa çalışırıq. Saytımızda “Rəvan” klubu ilə bağlı da bir sıra yazılar gedirdi. Qarşı tərəf isə onların imicinə guya ki, zərər vurduğumuzu iddia edərək, bizi məhkəməyə verib. 10 min mənəvi zərərə, daha 10 min isə maddi zərərə görə tələb edirlər”. Bu sözləri apasport.az saytına açıqlamasında futbolinfo.az saytının baş redaktoru Vüsal Mahmudov deyib.

 

Premyer Liqaya qayıdan “Rəvan” klubu həmkarlarımızı məhkəməyə verib. Tərəflər bu gün saat 11:15-də Yasamal rayon məhkəməsində üz-üzə gəliblər. Təxminən 15 dəqiqə çəkən prosesdən sonra növbəti iclasın dekabrın 28-də keçirilməsinə qərar verilib.

 

Mahmudov bildirib ki, tərəflər yenidən Yasamal rayon məhkəməsində görüşəcəklər: “Dekabrın 28-də növbəti dəfə məhkəmə zalında görüşəcəyik. Sadəcə, domenlə bağlı bir sıra sənədlər var ki, onları bizdən tələb edirlər. Bunları Yasamal rayon məhkəməsinə verdikdən sonra iddiaçı tərəf Yardımlı rayon məhkəməsinə müraciət etsə, növbəti məhkəmə prosesi orda olacaq”.

 

“Rəvan”ın iddialarına qarşı öz arqumentlərinin də olduğunu qeyd edən Mahmudov məhkəmədə haqlı tərəfin qalib gələcəyinə inanır: “Biz yazıları sayta yerləşdirəndə həmişə çalışırıq ki, məhkəmə predmeti olmasın. Mənə elə gəlir ki, bizdə məhkəmə predmeti olacaq yazı getməyib. “Rəvan” klubu yazıların siyahısını verib. Təbii ki, həmin yazıları araşdırıb, hüquqşünaslarla məsləhətləşəcəyik. Bilirik ki, məhkəmə ən doğru qərarı verəcək. Haqlıdılarsa, buyurub, udsunlar. Haqsızdılarsa, təbii ki, udmayacaqlar. Buna artıq məhkəmə qərar verəcək. Onların iddiaları var, bizim də buna qarşı əks arqumentlərimiz. Ən böyük arqumentimiz odu ki, klub haqda gedən yazılarla bağlı dəfələrlə onların reaksiyasını, fikirlərini öyrənməyə çalışmışıq. Təbii ki, bu, Kütləvi İnformasiya Vasitəsi (KİV) kimi bizim borcumuzdu. Hətta internet ünvanlarına rəsmi məktub da göndərmişik. Həmin məktubun surəti əlimizdə var, ayın 28-də məhkəməyə təqdim edəcəyik. Deməli, rəsmi məktub belə göndərmişik, hətta ona da məhəl qoymayıblar. Klubun vitse-prezidenti İlqar Axundovla danışmaq üçün əməkdaşımızı Bayıl stadionuna göndərmişəm. Amma danışmaq istəmədiyini deyib. Bundan artıq nə etməliyik? Qarşı tərəfin mövqeyini başqa cür necə öyrənə bilərik?”

 

Mahmudov qarşı tərəfin minlərlə idmançı yetişdirdikləri ilə bağlı iddiasına da toxunub: “Minlərlə idmançı yetişdirdiklərini deyirlər. Halbuki, bu ifadə “Rəvan”la heç cür düz gəlmir. O komandanın fəaliyyəti gözümüzün qabağındadı. Bunların minlərlə idmançını necə yetişdirdiyini mən bilmirəm. Ümumiyyətlə, “Rəvan”ın yetişdirdiyi hansısa futbolçunun adını kimsə çəkə bilsə, ona mükafat verərəm. Hardansa götürüblər, 1-2 il oynadıblar. Bununla kimi aldadırlar? Minlərlə idmançı deyəndə, kimləri nəzərdə tuturlar? Heç olmasa, 5 nəfərin adını çəkə bilsələr, çox şad olardım”.

 

Hazırkı məhkəmə prosesi başa çatandan sonra futbolinfo.az saytı “Rəvan” klubunu məhkəməyə verəcək: “Bu məhkəmə prosesi başa çatandan sonra özümüz “Rəvan” klubunu məhkəməyə verəcəyik. Çünki bizim də haqlı olduğumuz məqamlar var. Onlar bizim vaxtımızı alırlar, bir çox problemlər yaradırlar. Artıq kollektivimizdə bununla bağlı qərar vermişik. “Rəvan” rəhbərliyi azad mətbuatın səsini kəsmək istəyir. Məqsədləri odu ki, mətbuat onlardan ancaq tərif yazsın. Halbuki, “Rəvan”ın vəziyyətini hazırda turnir cədvəlində tutduğu yer, ölkə çempionatına qatıldığı tarix və indiyə qədərki proseslər açıq-aşkar göstərir. “Rəvan” nə edib ki, onun haqda tərif də yazaq? Onları tərifləməyənləri məhkəmənin əli ilə, zor tətbiq etməklə susdurmaq istəyirlər. Amma biz məhkəmənin ədalətinə inanırıq və axıra kimi də mübarizəmizi davam etdirəcəyik. Sözün düzü, məhkəmənin ədalətli olduğuna bugünkü prosesdən sonra bir daha əmin oldum”.

 

Mahmudov sonda qeyd edib ki, “Rəvan” mətbuatı məhkəməyə verməkdənsə, Azərbaycan futbolunun inkişafına təkan versə, daha yaxşı olar: “İnternetdə axtarış versəniz, o klubun rəhbərlərinin heç şəklini də tapa bilmərsiz, nəinki haqlarında yazı. Çox güman ki, bu vaxta qədər mətbuatdan yazıları sildirə-sildirə davam ediblər. Bunun belə də davam edəcəyini düşünürlər. Amma daş qayaya rast gəlib. İstəklərinə nail ola bilməyəcəklər. Bizi məhkəməyə verməkdənsə, zəhmət çəkib, öz işçilərinə, kadrlarına diqqət yetirsinlər və ölkə futboluna, həqiqətən, bir yardım göstərsinlər, futbolun inkişafına töhfələri olsun”. 

0