[b]“Yovu rəsmən getdi, Stoitsov karyerasını bitirdi, Kostova Olimpiadanı gözləyir” – Nizami Paşayev[/b]
10.12.2015 - 12:06
[b]“Yovu rəsmən getdi, Stoitsov karyerasını bitirdi, Kostova Olimpiadanı gözləyir” – Nizami Paşayev[/b]

“Yığmamız dünya çempionatında Azərbaycanı yüksək səviyyədə təmsil etdi. Komandamıza qızıl medal qazandıran Boyanka Kostova Azərbaycan idman tarixinə ilk qadın ağırlıqqaldıran kimi düşməklə yanaşı, 2 dünya rekordunu yenilədi”. Bu fikirləri APA TV-nin “APAsport” layihəsinin qonağı, ağırlıqqaldırma üzrə Azərbaycan millisinin məşqçisi Nizami Paşayev deyib.

 

ABŞ-ın Hyuston şəhərində keçirilən dünya çempionatı Azərbaycan millisi üçün uğurla başa çatıb. Komandamız okeanın o tayından vətənə 2 medalla qayıdıb. Boyanka Kostova (58 kq) Azərbaycan idman tarixinə dünya çempionu olan ilk xanım ağırlıqqaldıran kimi düşüb, Valenteni Xristov (62 kq) fəxri kürsünün 3-cü pilləsinə yüksəlib. Millimizin mundialdakı çıxışını dəyərləndirən N. Paşayev bildirib ki, qızıl medala layiq görülən 22 yaşlı B. Kostova gərgin məşqlərin bəhrəsini görüb: “O, London Olimpiadasında da medala yaxın idi. Lakin idman xoşbəxtliyi tərəfində olmadı və cüzi fərqlə mükafatdan kənar qaldı. Məşqlərə ciddi yanaşır. O, digər idmançılarla müqayisədə son bir ildə hansısa yorğunluq və ya problemlə bağlı bir dəfə də şikayət etmədi”.

 

Nizami Paşayev V. Xristovun da uğurlarının ardını gələcəyini vurğulayıb. Onun sözlərinə görə, bundan əvvəlki dünya çempionatında 4-cü olan milliləşdirilmiş legionerimizin bu dəfə “üçlüyə” daxil olması gələcək yarışlarda daha yaxşı çıxışına zəmanət verir. N. Paşayev, həmçinin bolqar əsilli atletin son cəhdlərində birdən qaldırmada 143, təkanla qaldırmada 181 km çəkini ram edə bilməməsini arxayınlıqla əlaqələndirib. Onun sözlərinə görə, təmsilçimiz məşqlərdə bu çəkinin öhdəsindən gəlirmiş: “Amma hazırlıq dövründə Valentinin çəkisi 62 kq deyil, 65-66 kq idi. Yarış öncəsi çəki saldığı üçün bu fərq olmalıdır. Fikrimcə, medal üçün 181 kq çəki qaldırmaq lazım gəlsəydi, onu bacarardı. Lakin 176 kq-la bürünc medalı təmin etdiyindən son cəhdinə arxayın yanaşdı. Mundialdan sonra onunla söhbətim olub və nəzərinə çatdırmışam ki, bu çəki Olimpiada üçün çox azdır”. 

 

Proqramın qonağı olan Olimpiadanın bürünc medalçısı V. Xristov dünya çempionatında eyni uğuru təkrarlamağının səbəbini açıqlayıb. O bildirib ki, daha yüksək əyarlı mükafatı qazanmasına bu dəfə çox güclü rəqiblərlə mübarizə aparması mane olub: “2012-ci ildə keçirilən dünya çempionatında birdən qaldırmada 141 kq, təkanla qaldırmada 170 kq çəkini başım üzərinə qaldırdım və ümumi göstəricidə 4-cü oldum. Bu dəfə isə təkanla qaldırmada 6 kq artıq nəticə göstərərək, bürünc medala yiyələndim. Deyərdim ki, bu, indiyədək keçirilən dünya çempionatları arasında ən güclüsü idi”.

 

N. Paşayev 10 ildən sonra yenidən qazanılan dünya çempionluğu üçün çox vaxt keçdiyini etiraf edib. O bildirib ki, onun uğurunu təkrarlamaq və hətta arxada qoymaq üçün komandamızda potensial böyükdür.

 

Avropa çempionatında rəqiblərinin çox zəif olduğunu deyən V. Xristov növbəti mundiallarda nəticəsini yaxşılaşdırmaq üçün daha çox məşq etməyin vacibliyini diqqətə çatdırıb.

 

N. Paşayev şəxsi məşqçisi olduğu B. Kostovanın əsas hədəflərindən də danışıb. Onun sözlərinə görə, atletimizdən tək istəyi özünün qazana bilmədiyi Olimpiya çempionluğudur: “Mən bir məşqçi kimi onun Rio Olimpiadasından sonra da məşqlərini davam etməsini istərdim. Amma bu barədə qərarı özü verəcək. Ola bilsin ki, karyerasını bitirəcək. Ailə həyatı qurmaq istəyir və bu barədə söhbət olub. Yəni Olimpiadadan sonra məşqlərini dayandırması da mümkündür. Əsas idmançının istəyinin olmasıdır. Biz məcburi qaydada onu məşq etdirə bilmərik. Amma qərarını dəyişsə, 4, bəlkə də 5 dəfə dünya çempionu ola bilər”.

 

Nizami Paşayev Zlatan Vanevin başçılıq etdiyi məşqçilər korpusu ilə hazırda çalışdığı Miroslav Çorosun komandasını da müqayisə edib. O bildirib ki, hazırda məşqlər daha ciddidir və əsas hədəf Olimpiya çempionluğudur.

 

Hər iki məşqçilər korpusu ilə işləyən, həmçinin Tomaş Feherlə də çalışan N. Paşayev bu gün millidə hazırlıqların düzgün getdiyi qənaətindədir: “Bolqarıstanlı baş məşqçimiz Zlatanın dövründə  kim nə istəyirdi edirdi, anarxiya idi. İdmançı məşqçiyə qulaq asmırdı, artıq-əskik hərəkətlər olurdu. Amma bu gün biz buna imkan vermirik. Dünya çempionatında Qazaxıstan millisinə qızıl medal qazandıran Nicat Rəhimov da məhz anarxiyaya görə komandamızdan imtina etdi. Bəli, biz milliyə əcnəbi gətirərkən, Sinqapurda Yeniyetmələrin Yay Olimpiya Oyunlarının qalibi olmuş atlet buradan qaçıb getdi. Nə üçün? Zlatan Vanevin ucbatından. Başladı Rəhimovu sıxışdırmağa, atası dəfələrlə “belə etməyin” dedi. Lakin xeyri olmadı. Halbuki Nicat Hyustonda dünya çempionu olduqda mənim yetirməm sayıldığından müxtəlif ölkələr bizi təbrik edirdi”.

 

Dünya çempionatı öncəsi Azərbaycan millisindən imtina edən Kristina Yovunun da məsələsinə aydınlıq gəlib. Məşqçi bildirib ki, mundiala son hazırlıqlara kimi komanda ilə birgə olan Moldova əsilli idmançının qərarı gözlənilməz olub: “Krımda axırıncı təlim-məşq toplanışından qayıtdıqdan sonra Yovu evlərinə yollandı və geri qayıtmadı. Konkret səbəb açıqlamadı. Əlaqə saxladıq və dedi ki, bayrağınız altında çıxış etmək istəmirəm. Biz də artıq qərarımızı vermişik və geri qayıtmasının da xeyri yoxdur. Çünki dünya çempionatında qadınların yarışında lazımı xalı toplamadıq və lisenziyanı gələn il Avropa çempionatında qazana bilərik. Bu da birdən artıq olmayacağından tək namizədimiz Boyanka Kostovadır”.

 

Nizami Paşayev 2010-cu ildən vətəndaşlığımızı qəbul edən, lakin hansısa beynəlxalq yarışda millimizin şərəfini qorumayan İvan Stoitsovun da Azərbaycan yığmasında karyerasının bitdiyini deyib. Onun sözlərinə görə, dünya çempionatı üçün ilkin siyahıda bolqarıstanlı atletin adı olsa da, son anda yenə zədə onun çıxışına mane olub.

 

Son iki dünya çempionatının nəticəsinə əsasən 16-cı yerdə qərarlaşan kişilərdən ibarət millimiz “Rio-2016”ya 4 lisenziyanı təmin edib. Lakin bütün bunlar yığmalardan götürülən dopinq yoxlamalarından sonra rəsmiləşəcək. N. Paşayev bildirib ki, “London-2012”də də qadınlardan ibarət komandamızın lisenziyası yox idi və bu lisenziyanı Avropa çempionatında təmin ediblər: “Gələn il Norveçdə keçiriləcək qitə çempionatında komanda hesabında 1-6-cı yerləri tutacaq ölkələr bir lisenziyaya yiyələnəcəklər. Fikrimcə, çox rahatlıqla buna nail olacağıq”.

 

Olimpiada hazırlıqlarına bu günlərdə başlayacaq komandamızın medal gözləntiləri də yüksəkdir. N. Paşayevin sözlərinə görə, heyətə elə atletlər daxil ediləcək ki, onların hər biri medala iddialı olsun və Rioya heç kim turist kimi getməsin. 

0