[b]Şəhriyar Məmmədyarovdan 9-cu heç-heçə, Karlsen çempion oldu[/b]
01.02.2016 - 00:15
[b]Şəhriyar Məmmədyarovdan 9-cu heç-heçə, Karlsen çempion oldu[/b]

Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən “Tata Steel Chess” superturnirində sonuncu, 13-cü turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, şahmatçımız Şəhriyar Məmmədyarov bu turda rusiyalı Sergey Karyakin ilə qarşılaşıb.

 

Ağ fiqurlarla oynayan qrossmeysterimiz təcrübəli rəqibi ilə görüşdən dəbərabərliklə ayrılıb. 

 

Qələbəsiz oyunlar seriyasını davam etdirən “Şah” bu nəticə ilə xalını 6.5-ə yüksəldib.

 

Qeyd edək ki, Məmmədyarov turnirboyu keçirdiyi 13 oyunda 9 dəfə bərabərliyə razılaşıb. İki qarşılaşmada qələbəyə sevinən təmsilçimiz eyni sayda da məğlubiyyətə üzülüb.

 

Bu nəticədən sonra 6.5 xalla çinli Vey Yi ilə eyni nəticəyə imza atan Şəhriyar yekunda 7-8-ci pillələri bölüşüb.

 

Superturnirin qalibi isə norveçli vunderkind Maqnus Karlsen olub. O, 9 xal toplayıb. 8 xala malik Karuana və Dinq Liren isə 2-ci, 3-cü pillələri bölüşüblər.

0