[b]6 il əvvəlki uğur təkrarlansa...[/b]
04.02.2016 - 18:40
[b]6 il əvvəlki uğur təkrarlansa...[/b]

Futzal üzrə Avropa çempionatının final mərhələsində mübarizə aparan Azərbaycan millisi 1/4 finala vəsiqəni sabah təmin edə bilər. Apasport.az saytının məlumatına görə, ilk qarşılaşmada İtaliyaya 0:3 hesabı ilə uduzan komandamız bunun üçün Çexiya ilə görüşdə münasib nəticə qazanmalıdı.

 

Növbəti mərhələyə vəsiqə verən ilk iki yerdən birini tutmaq üçün yığmamız qrupdakı son matçında 4 və ya daha çox top fərqilə qalib gəlməlidi. Bunu bacaracağı halda, komandamız 1/4 finala yüksələcək.

 

3 və ya daha kiçik fərqli qələbə isə yığmamızı son turu gözləməyə vadar edəcək. Çünki son turda Çexiya İtaliyanı məğlub etsə, hər üç komandanın xalı bərabər olacaq.

 

Belə olan halda isə top fərqi həlledici xarakter daşıyacaq. Bu üzdən ən azı 4 top üstünlüyü qazanmaq yığmamız üçün vacibdi ki, müsbət balansa malik olduğundan ilk iki yerdən birini tutsun.

 

Çünki kiçik hesablı qələbəmiz o vaxt fayda verər ki, Çexiya İtaliyanı məğlub edə bilməsin. Millimiz Çexiyanı iki top fərqilə udsa, sonuncular da apeninlilərə qalib gəlsə, həmin matçda 1-dən artıq qol vurulmamalıdı.

 

Yığmamız qarşıdakı görüşdə 1 top fərqilə məğlub etsə, Çexiya ya xal itirməli, ya da 6 top fərqilə qalib gəlməlidi. Bu isə inandırıcı deyil. Bir sözlə, minimal fərqli qələbədə baş məşqçimiz Tino Peres və yetirmələri son turda İtaliyaya azarkeşlik etməlidi.

 

Komandamız Çexiya ilə heç-heçə etməklə də 1/4 finala çıxa bilər. Bunun üçün son turda appeninlilər 4 və ya daha çox top fərqinə sevinməlidi.

 

Millimiz sabah heç-heçə edərsə, İtaliya isə çexiyalıları 3 top fərqilə məğlubiyyətə uğratsa, iki fərqli vəziyyət yarana bilər. Çünki vurulacaq 1 qol çexiyalıları növbəti mərhələyə daşıyacaq. Lakin hesab 3:0 olarsa, onda 2-ci yerin sahibi cərimə xalları ilə (qırmızı vərəqə - 3, sarı vərəqə -1) müəyyənləşəcək. Bu isə ilk turda cərimələri çox olan komandamızın lehinə deyil.

 

Bütün variantlarda İtaliya – Çexiya oyunundan asılı vəziyyətə düşməmək üçün yığmamıza 4 top fərqli qələbə zəruridi. Bu vəzifə asan görünməsə də mümkünsüz də deyil. Komandamız 6 il əvvəl Macarıstandakı çempionatın II turunda Çexiyanı 6:1 hesabı ilə yenmişdi. Həmin matçda iki qol vuran Vitali Borisov indi də komandanın heyətində yer alıb.

 

2010-cu ildə bu qələbə yığmamıza qrup qalibi adını təmin etmək imkanı vermişdisə, indi ilk iki pillədən birini tutmaq üçün eyni uğuru əldə etmək vacibdi.

 

 

0