[b]Fineo De Araujo: Artıq qərar verilib və bununla barışmalıyıq - MÜSAHİBƏ[/b]
05.02.2016 - 01:41
[b]Fineo De Araujo: Artıq qərar verilib və bununla barışmalıyıq - MÜSAHİBƏ[/b]

Avropa çempionatının final mərhələsi çərçivəsində ikinci oyununa çıxacaq futzal üzrə Azərbaycan millisi bu gün Çexiya ilə qarşılaşacaq. Mübarizəni davam etdirmək üçün yığmamıza qələbə lazımdı. Oyunöncəsi millinin üzvü Fineo De Araujo apasport.az saytına müsahibə verib.

 

- Çexiya ilə oyuna hazırsınızmı?

- Komanda olaraq bu oyunun bizim üçün sonuncu şans olduğunu bilirik. Oyuna hazırıq. Bizi ancaq qələbə qane edəcək. İtaliya ilə oyunu unutmalıyıq. Sanki bu matç olmayıb.

 

- Adətən bu cür yenilgidən sonra psixoloji baxımdan problemlər yaranır. Bunu aradan qaldırmaq mümkün olacaq?

- Bunlar fərqli oyunlardı. Bu dəfə İtaliyaya deyil, Çexiyaya qarşı oynayacağıq. Hər oyunun öz hazırlığı, öz taktikası var. Psixoloji baxımdan hazır olmağımız üçün problem yoxdu.

 

- Rəqibin güclü və zəif cəhətləri hansılardı?

- Belə deyək, final mərhələsindəki 12 komandanın hamısı güclüdü. Çünki bu komandalar bura gəlmək üçün neçə millini mübarizədən kənarlaşdırıb. Əgər İtaliyaya qarşı birinci hissədə nümayiş etdirdiyimiz oyunu ortaya qoysaq, nəticə bizim üçün yaxşı olacaq.

 

- Qələbə ilə yanaşı, mümkün qədər çox qol vurmaq da tələbə olunur. Bu tapşırığın öhdəsindən necə, gəlmək olacaqmı?

- İlk tapşırıq qələbə qazanmaqdı. 1 top fərqi ilə olsa belə, bizə 3 xal lazımdı. Təbii ki, bacardıqca çox qol vurmaq lazımdı. Amma hesabın məhsuldar olmasından minimalhesablı qələbə daha vacibdi. Necə olacağını isə oyun göstərəcək. Əvvəlcədən bir söz demək, proqnoz vermək mümkün deyil.

 

- İtaliya ilə matç haqda nə deyə bilərsiz?

- Çox çətin oyun oldu. Amadeonun qırmızı vərəqə alması oyunun taleyini rəqibin xeyrinə həll etdi. Təəssüflənirik ki, yaxşı oynamağımıza və qol epizodları yaratmağımıza baxmayaraq, meydanı məğlub tərk etdik. Heyf ki, qol vura bilmədik.

 

- Sizcə, referinin Amadeoya iki sarı-qırmızı vərəqə göstərməsi düzgün qərar idi?

- İkinci sarı vərəqə haqda danışmaq yersizdi. Hakim həmin anda düzgün qərar qəbul etdi. Amma birinci epizoda görə göstərdiyi sarı vərəqə yanlış qərar idi. Orda vərəqəlik heç nə yox idi. Ancaq neynəmək olar, artıq qərar verilib və bununla barışmalıyıq.

0