[b]Rahid Əmirquliyev: Lənkəran səfəri mənim üçün xüsusi olacaq - MÜSAHİBƏ[/b]
05.02.2016 - 11:02
[b]Rahid Əmirquliyev: Lənkəran səfəri mənim üçün xüsusi olacaq - MÜSAHİBƏ[/b]

“Qarabağ” klubunun və millimizin yarımmüdafiəçisi Rahid Əmirquliyevin apasport.az saytına müsahibəsi

 

- Təlim-məşq toplanışı zamanı zədələnmişdiniz. Hazırkı durumunuz necədi?

- Zədə səbəbindən “Rəvan”la XIX tur matçını buraxmalı oldum. Hələ komandaya qoşulmamışam, fərdi məşqlərlə kifayətlənirəm. İnşallah, 1-2 günə kollektiv məşqlərdə iştirak edərəm.

 

- Belə çıxır ki, sabah “Xəzər Lənkəran”a qarşı keçiriləcək növbəti tur matçında iştirak edə bilməyəcəksiniz?

- Bəli, “Xəzər Lənkəran”la görüşü çox güman ki, buraxacam. Çünki hələ komanda ilə məşq etmirəm. İnşallah, XXI turda debüt edərəm.

 

- Əksər futbolçular uzun illər formasını geyindiyi komandaya qarşı oynamaq istəmirlər. Siz də “Xəzər Lənkəran”la matçı buraxacağınız üçün sevinirsiniz?

- Əksinə, mən sabiq komandama qarşı oynamaq istərdim. Nə komandadan, nə də rəhbərlikdən incikliyim olub. Sadəcə, “Xəzər Lənkəran”a qarşı oynamaq mənim üçün maraqlı gələrdi.

 

- Debütünüzün gecikməsi əsas heyətə düşmək baxımından işinizi çətinləşdirməyəcək?

- Hər bir futbolçu zədə ala bilər. Sağaldıqdan sonra çalışacam məşqlərdə özümü yaxşı tərəfdən göstərim. Düzdü, çətin olacaq, amma formamı bərpa etmək və əsas heyətdə düşmək üçün əlimdən gələni edəcəm.

 

- “Qarabağ”a tam uyğunlaşdığınızı söyləmək olar?

- Düzü, burda hələ rəsmi oyuna çıxmamışam. Bir neçə yoxlama görüşündə iştirak etmişəm. İnanmıram ki, mənim üçün bu, problem olsun. Hələ tam uyğunlaşmasam da, bu məni narahat etmir. Burdakı futbolçuların çoxunu tanıyıram, onlarla yığmada da bir yerdə çıxış edirəm.

 

- “Qarabağ”ın oyun üslubu tam fərqlidi. Buna öyrəşmək sizin üçün çətin deyil?

- Məncə, bu taktikanı oyundan-oyuna daha yaxşı mənimsəyəcəm. Bizim işimiz məşq etmək, məşqçinin tapşırığını yerinə yetirməkdi. Amma komandanın sisteminə uyğunlaşmaq üçün gərək oyunlarda iştirak edim.

 

- Baş məşqçi Qurban Qurbanov sizi hansı mövqedə oynatmağı düşünür?

- Bayaq da qeyd etdiyim kimi, hələlik ancaq yoxlama görüşlərində iştirak etmişəm. Qurban müəllim iki fərqli sistemi yoxladı. Mənə də yarımmüdafiənin mərkəzində şans verdi. Yəni “Xəzər Lənkəran”da hansı mövqedə çıxış edirdimsə, burda da orda oynadım. Ola bilər ki, hansısa matçda fərqli tapşırıq veriləcək.

 

- “Qarabağ”ın orta sahəsində Qara Qarayev, Kərim Diniyev, Riçard Almeyda və Dani Kintana kimi oyunçular yer alır. Onlarla rəqabətdən qalib ayrılmalı olacaqsınız...

- Düzdü, həmin mövqedə güclü oyunçular var. Ancaq məncə, bu, böyük problem deyil. Digər tərəfdən rəqabət həm mənim, həm də digərləri üçün yaxşıdı. Belədə güclü məşqlər edirsən, inkişafda olursan. Yəni bunlar bizim ancaq xeyrimizə işləyən amillərdi. Bizim işimiz məşqlərdə əlimizdən gələni etməkdi. Kimin oynamasına isə məşqçi qərar verəcək.

 

- Cinahda çıxış etmək necə, problem olmaz?

- Baş məşqçi düşünsə ki, mən cinahda komandaya xeyir verirəm, orda da oynamağa hazıram. Mənim üçün bir fərqi yoxdu.

 

- “Qarabağ” 2016-cı ilə uğursuz start götürdü. AZAL-la məğlubiyyət sizcə, arxayınlığın nəticəsi deyildi?

- Düşünmürəm ki, komandada arxayınlaşma yaranıb. Həmişə təlim-məşq toplanışından sonrakı ilk oyun çətin olur. AZAL da yaxşı oyun göstərən komandadı. Həmin görüşdə komandamız çox qol imkanları yaratsa da, bunlardan istifadə edə bilmədi. Futbolda “vurmayana vurarlar” prinsipi bu oyunda öz sözünü dedi. Mən deməzdim ki, uduzmalı idik. Sadəcə, qol şanslarını dəyərləndirə bilmədik.

 

- Rəqibləriniz tez-tez xal itirdiyindən, sizə yaxınlaşa bilmirlər. Sizdən erkən çempionluq gözləmək olar?

- Düzdü, “Qəbələ” və “İnter” xal itirdilər. Ancaq “Zirə” qələbə qazanaraq, bizə bir az yaxınlaşdı. Cəmi 6 xallıq fərqimiz var. Bu isə böyük fərq deyil. Bu üzdən də indidən kimin çempion olacağını söyləmək düzgün deyil. Qarşıda bizi ağır oyunlar gözləyir. Çalışacağıq bundan sonra xal itirməyək və çempionluğa doğru inamla irəliləyək.

 

- Bu yolda sizə kim mane ola bilər?

- Qış fasiləsindən sonrakı ilk turdakı nəticələr də göstərdi ki, zəif komanda qalmayıb. Hər komandaya qarşı oynamaq çətindi. “Zirə” ilk dəfədi Premyer Liqada iştirak etməsinə baxmayaraq, çox yaxşı təsir bağışlayır. “İnter” kimi komandanı məğlub etdilər. “Zirə”, “İnter” və “Qəbələ”ni əsas rəqiblərdən hesab edirəm. Həmçinin “Kəpəz”i də siyahıdan silmək olmaz.

 

- Uzun illər formasını geyindiyiniz “Xəzər Lənkəran”ın hazırkı durumu sizə necə təsir edir?

- Heç ağlıma da gəlməzdi ki, “Xəzər Lənkəran” bu vəziyyətə düşəcək. Bunu heç istəməzdim. Bildiyiniz kimi, problemlər var. Əlbəttə ki, 9 il formasını geyindiyim klubun bu duruma düşməsi mənə pis təsir edir. İnanıram ki, problemlər yoluna qoyulacaq və əvvəlki “Xəzər Lənkəran” yenidən qayıdacaq.

 

- “Xəzər Lənkəran”la səfər matçı üçün səbirsizlənmirsiniz?

- Orda oynadığım illərdə azarkeşlərdən yalnız yaxşılıq görmüşəm. Həm pis, həm də yaxşı günlərdə bizi dəstəkləyiblər, yanımızda olublar. Onlardan yenə xoş münasibət gözləyirəm. Düzdü, bütün oyunlar vacibdi. Amma mənim üçün Lənkəran səfəri xüsusi olacaq. Karyeramda ilk dəfə o stadiona rəqib futbolçu kimi ayaq basacam. Bu baxımdan “Xəzər Lənkəran”la səfər görüşünü səbirsizliklə gözləyirəm. O cür azarkeşlərin önündə çıxış etmək mənim üçün xüsusi maraq doğurur.

 

Ruslan SADIQOV

0