[b]“Azərbaycan yığması yüksək keyfiyyətli braziliyalılara malikdi” - FOTO[/b]
05.02.2016 - 11:34
[b]“Azərbaycan yığması yüksək keyfiyyətli braziliyalılara malikdi” - FOTO[/b]

“Artıq bir müddətdi Belqraddayıq. Azərbaycanla bugünkü matça hazırlaşmaq üçün kifayət qədər vaxtımız oldu”. Apasport.az saytının məlumatına görə, bunu futzal üzrə Çexiya yığmasının hücumçusu Radim Zaruba deyib.

 

Avropa çempionatında mübarizəyə bu gün start verəcək çexlər ilk oyunlarını Azərbaycan millisinə qarşı keçirəcəklər. Bakı vaxtı ilə saat 00:00-da başlayacaq qarşılaşma barədə fikir bildirən Zaruba qitə birinciliyinə tam hazır olduqlarını söyləyib.

 

O, ilk oyun olmasına baxmayaraq, artıq yerli məkana uyğunlaşdıqlarını əlavə edib: “11 min azarkeş tutumuna malik olan zalda çıxış edəcəyik. Ümid edirəm ki, əla atmosfer olacaq. Ancaq çalışacağıq bütün diqqətimizi matça yönəldək, kənar amillərin təsirinə düşməyək. Bizim hədəfimiz bir oyundan ibarət deyil. İlk olaraq qrup səddini aşmaq barədə düşünürük. Ondan sonra qarşımıza mərhələ-mərhələ hədəf qoyacağıq”.

 

22 yaşlı futzalçı Azərbaycan millisi barədə də danışıb. O, komandamızın oyun üslubuna bələd olduqlarını vurğulayıb: “Azərbaycan yığması güclü futzalçılardan təşkil olunub. Fərdi keyfiyyəti yüksək olan braziliyalı oyunçulara malikdilər. Rəqibi hərtərəfli təhlil etmişik. Əgər baş məşqçinin tapşırıqlarına meydanda əməl edə bilsək, qələbə qazana bilərik”.

0