[b]“O, “Rəvan”da bir qarın yeməyə oynayır” - Türkiyə mətbuatı[/b]
05.02.2016 - 15:27
[b]“O, “Rəvan”da bir qarın yeməyə oynayır” - Türkiyə mətbuatı[/b]

“Rəvan”ın qış fasiləsində “Zirə”dən icarəyə götürdüyü Mirkamil Həşimli Türkiyə mətbuatının gündəminə gəlib. Apasport.az-ın “milliyet.com.tr” saytına istinadən məlumatına görə, qardaş ölkə KİV-i sabiq “Fənərbaxça”lının hazırkı durumunu “Mirkamil Həşimlinin dramı” başlığı ilə qələmə alıb.

 

Türkiyəli həmkarlarımız bir vaxtlar “Fənərbaxça”da gələcəyin ulduzları arasında göstərilən gənc yarımmüdafiəçinin hazırda Azərbaycan Premyer Liqasının autsayderi olan “Rəvan”da əsas heyətə düşə bilməməyini xüsusi vurğulayıblar.

 

Həmin məqalədə hətta 20 yaşlı futbolçunun maaşı da qeyd edilib: “Mirkamil Türkiyədən ayrıldıqdan sonra Azərbaycanda formasını geyindiyi bütün komandalarda ehtiyatda oturmağa məhkum oldu. “Fənərbaxça”da gələcəyinə ümid bəslənilən oyunçu indi “Rəvan”da bir qarın yeməyə oynayır. Onun illik maaşı cəmi 6 min dollardı. Komandası I diviziona düşərsə, maaşı da yarı-yarıya azaldılacaq”.

 

Qeyd edək ki, futbolun sirlərini 2006-cı ildən etibarən “Fənərbaxça”da öyrənməyə başlayan Mirkamil Həşimlinin U-15 liqasında “Fənərbaxça” – “Qalatasaray” matçında ayağı qırılmışdı. Həmin vaxt “Qalatasaray”lı oyunçuların onu ziyarət etmələri əzəli rəqiblər arasında ən centlmen hərəkət hesab edilmişdi.

0