[b]“İnter”lə “Qəbələ” harada, Həsənov orda[/b]
05.02.2016 - 16:01
[b]“İnter”lə “Qəbələ” harada, Həsənov orda[/b]

Topaz Premyer Liqasının bu gün startı verilən XX turunun mərkəzi qarşılaşmasını FİFA referisi Rəhim Həsənov idarə edəcək. Apasport.az saytının məlumatına görə, 33 yaşlı ədalət təmsilçisi ötən mövsümün mükafatçıları “İnter”lə “Qəbələ”nin Bakıdakı matçının baş hakimi olacaq.

 

Həsənov komandaların ilk iki dövrədə matçlarda da bu funksiyanı yerinə yetirmişdi. IV turun Bakıdakı görüşündə “İnter” 2:1 hesabı ilə qalib gəlmişdi. Həmin matçda paytaxt təmsilçisi 1, rəqibi 2 xəbərdarlıq alıb. XII tura təsadüf edən Qəbələdəki həmin qarşılaşmada qalib müəyyənləşməmişdi – 1:1. Referi mükafatçıların oyununda əyalət klubuna 5, bakılılara 2 sarı vərəqə göstərmişdi.

 

Maraqlıdı ki, Həsənov hər iki görüşdə Ürfan Abbasovla Arif Daşdəmirova “sarı” verib. Həmin görüşlərdə qolları da eyni simalar – Aleksey Antonovla Dieqo Martins vurub. Sonuncu 3, ukraynalı 2 dəfə fərqlənib.

 

Ümumiyyətlə, FİFA hakimi cari mövsümdə 18-ci çempionat oyununa çıxacaq. Əvvəlki 17 qarşılaşmadan 7-də meydan sahibləri qalib gəlibsə, 9 dəfə heç-heçə qeydə alınıb. Yalnız bir görüşdə qonaqlar qələbə qazanıb ki, buna da “Qəbələ” nail olub. Əyalət klubu VIII turda “Neftçi”ni 1:0 hesabı ilə məğlub edib.

 

Həsənovun təyin etdiyi 3 penaltidən 2-si meydan sahibi, 1-i qonaqların lehinə olub. Tərəflərin hərəsi 1 dəfə bu imkanı qaçırıb. Ev sahiblərinə 42 sarı, 5 qırmızı vərəqə verən referi qonaqları 52 sarı, 1 qırmızı ilə cəzalandırıb.

 

“İnter” Həsənovun idarəçiliyi altında keçirdiyi 5 matçda 2 qələbə qazanıb, 2 heç-heçə edib və 1 dəfə uduzub. Bu oyunlarda top fərqi 5-4-dü. Bakılılar qazandığı yeganə penalti şansını qaçırıb. “Bankirlər”i 9 sarı vərəqə ilə cəzalandıran referi rəqiblərinə 13 dəfə xəbərdarlıq edib.

 

“Qəbələ” Həsənovun idarəçiliyi altında keçirdiyi 5 matçda 2 qələbə qazanıb, 1 heç-heçə edib və 2 dəfə uduzub. Bu oyunlarda top fərqi 9-4-dü. “Qırmızı-qaralar”ı 17 sarı vərəqə ilə cəzalandıran referi rəqiblərinə 9 dəfə xəbərdarlıq edib.

0