[b]“Şikayət etməkdən yorulmuşam” – Bəhmən Həsənov[/b]
05.02.2016 - 18:36
[b]“Şikayət etməkdən yorulmuşam” – Bəhmən Həsənov[/b]

“Rəqib yaxşı komandadı. Texnikalı, sürətli oyun nümayiş etdirirlər”. Apasport.az saytının məlumatına görə, bunu “Rəvan”ın baş məşqçisi Bəhmən Həsənov deyib.

 

Topaz Premyer Liqasının XX turunun açılış matçında “Neftçi”nin qonağı olan “sarı-qırmızılılar” gözlənilmədən rəqibindən 1 xal “qoparıb” – 1:1.

 

Oyundan sonra təşkil edilən mətbuat konfransında fikirlərini bildirən Həsənov qələbəyə yaxın olduqlarını söyləyib: “Xal qazanmaq üçün nə bacarırıqsa, etdik. Futbolçulara göstərdikləri oyuna görə təşəkkür edirəm. Bir neçə oyunçumuz zədəli idi. Hakimlərdən narazılığım yoxdu. Heç kimdən incimirəm. Hakimlikdən nə şikayət edəsiyəm? Nə bacarırdılarsa, onu da etdilər. Şikayət etməkdən yorulmuşam. İnşallah, zamanla düzələr”.

 

Baş məşqçi baş hakim Elvin Əsgərovun bəzi epizodlarda yanlış qərarlar verdiyini də əlavə edib: “Sarı və qırmızı vərəqə ilə bağlı şikayət edəcəyik. Erik Ramos simulyasiya edirdi. Ruslan Tağızadə ona qarşı kobud oynamasına baxmayaraq, “sarı” aldı. Necə oldu ki, Ramos yıxılır, sonra qalxıb gülür?"

 

Bəhmən Həsənov komandadakı maddi durumdan da söz açıb: “İnşallah, vəziyyət düzələcək. Yanvar ayının maaşının bir hissəsini almışıq. Bir hissəsini də alacağıq. Komandada ən sonda maaşı idarə heyəti alır. Bu dəfə də maaş alanda gəlib baxarsınız. Həmişə maaş birinci futbolçulara verilib. Çünki meydanda can qoyanlar onlardı”.

 

Qeyd edək ki, bu nəticədən sonra “Rəvan” xallarının sayını 8-ə çatdırıb və sonuncu pillədə qalıb. “Neftçi” isə 28 xalla ehtiyatında hələ bir oyun olan “Qəbələ”yə çatıb.

0