[b]Vitali Borisov: Bu cür oyunla bizə çox çətin olacaq - MÜSAHİBƏ[/b]
06.02.2016 - 11:51
[b]Vitali Borisov: Bu cür oyunla bizə çox çətin olacaq - MÜSAHİBƏ[/b]

Azərbaycan yığması Avropa çempionatının final mərhələsində ilk qələbəsini qazanıb. Komandamız Çexiya millisini 6:5 hesabı ilə məğlub edib. Dramatik keçən oyundan sonra millimizin futzalçısı Vitali Borisov apasport.az saytının suallarını cavablandırıb.

 

- Oyunun bu qədər çətin keçəcəyini gözləyirdinizmi?

- Birinci oyunda uduzduğumuzdan, itiriləsi heç nəyimiz qalmamışdı. Ona görə də irəli atılıb, qol vurmalı, qələbə qazanmalı idik. Çətin bir qarşılaşma oldu. Pis oynamağımıza rəğmən, qələbə qazandıq. Çoxsaylı səhvlərə yol verdik.

 

- Səhvlər nədən qaynaqlanırdı?

- Düzgün oynamırdıq, ona görə də səhvlərə yol verdik. Psixoloji baxımdan da hazır deyildik. Çünki bizim çempionatda bu cür gərgin oyunlar az keçirilir. Təcrübəsizlikdən qaynaqlandığını deyə bilmərəm, çünki hamımız təcrübəli oyunçularıq. Sadəcə, belə oyunlar çox keçirməliyik ki, özümüzü də yaxşı hazırlayaq.

 

- Meydanda hamınız əsəbi görünürdünüz. Bəlkə problem soyuqqanlı ola bilməməyinizdən qaynaqlanırdı?

- Ola bilər. Səbəblər, kənardan da təzyiqlər çox idi. Elə meydanda da heç kim soyuqqanlılığını qoruya bilmirdi. İnsan hirsli olanda düzgün düşünüb, qərar verə bilmir.

 

- Bu qələbə 1/4 finala yüksəlməyimizə yetəcəkmi?

- Qrupda bir oyun qalıb. Həmin matç həlledici olacaq. Çexiya - İtaliya duelinin nəticəsi bizim durumumuza da aydınlıq gətirəcək. Ancaq bu cür oyunla 1/4 final mərhələsində bizə çox çətin olacaq. Ordakı rəqibimiz böyük ehtimalla Rusiya olacaq. Onlar da belə səhvləri bağışlamır.

 

- İtaliyaya qarşı daha istəkli və etibarlı oynadınız. Ola bilərmi, elə gücünüzü həmin oyunda tükətdiniz?

- Bilirdik ki, İtaliya bizdən güclü komandadı. Reallıq belədi. Ona görə sakit oynamağa çalışdıq. Çexiya isə bizimlə eynisəviyyəli komandadı. Bəlkə də buna görə oyunumuz alınmadı.

 

- Oyunun gedişində qol vursanız da, sizin səhvinizdən qapımızda qol gördük. Üstəlik, bir neçə epizodda yenidən fərqlənmək şansınızı qaçırdınız. Nə baş verirdi?

- Razılaşıram ki, qol vurulan epizodda səhvə yol verdim. Fərqlənməyə gəldikdə, epizodun birində rəqibi görmədim. Elə bildim təkbətəkəm. Zədədən sonra məşq etmirdim. Bəlkə də ona görə belə alındı.

 

- 1/4 finalda hansı komandanı rəqib görmək istərdiniz?

- 99 faiz Qazaxıstan olmayacaq. Yəqin Rusiya ilə qarşılaşacağıq. Ruslar belə gərgin oyunları öz çempionatlarında hər oyunda oynayırlar. Biz isə nadir hallarda görürük.

0