[b]Amadeu: Rusiya keçiləsi komandadı - MÜSAHİBƏ[/b]
08.02.2016 - 10:05
[b]Amadeu: Rusiya keçiləsi komandadı - MÜSAHİBƏ[/b]

Tarixində ikinci dəfə Avropa çempionatının 1/4 final mərhələsinə vəsiqə qazanan futzal yığmamızın hücumçusu Amadeunun apasport.az saytına müsahibəsi

 

- Qrup mərhələsi başa çatdı və milli komanda qarşıya qoyulan tapşırığı yerinə yetirmiş oldu...

- Məqsədimiz qrupdan çıxmaq idi. Minimum tapşırığı yerinə yetirmişik. Əlbəttə, ilk qarşılaşma çətin keçdi. Sonuncu çempiona qarşı oynamaq asan deyildi. Üstəlik, fasiləyə yaxın qırmızı vərəqə aldım və komandamı çətin vəziyyətdə qoydum. Çexiya ilə matçda isə uşaqlar çox əsəbi idilər. Buna görə də çoxlu səhvlərə yol verdik. Ötürmələr bərbad alındı, müdafiədə oyunu düzgün qura bilmədik. Sanki səhvlər sıralanırdı. Komanda vacib nəticəni qazanmaq üçün çox çalışdı. Ümumi götürdükdə, normal qiymətləndirmək olar.

 

- İtaliya ilə görüşdə ehtiyac olmayan yerdə qırmızı vərəqə aldız. Bu qədər gərginliyə əsas var idi?

- İkinci sarı vərəqə ilə razıyam. Həmin epizodda rəqib məni yıxdı, amma hakim əks qərar verdi. Mən də özümü sakitləşdirə bilmədim. Ancaq birinci sarı vərəqəni düzgün göstərmədi. Orda vərəqəlik heç nə yox idi. Həmin oyunda, həqiqətən də, əsəbi idim.

 

- Növbəti mərhələdəki rəqibimiz Rusiya yığması iki il əvvəl keçirilmiş Avropa çempionatının finalçısıdı. Bu, sizi qorxutmur?

- Rəqibin adından qorxmaq yox, ona hörmətlə yanaşmaq və oyunu düzgün qurmaq lazımdı. Rusiya çempionatın favoritlərindən hesab edilir. Həm Qazaxıstan, həm də Xorvatiya ilə oyunlarını izlədik. Güclü və ya zəif oynadıqlarını deyə bilmərəm. Orta səviyyəli oyun nümayiş etdirdilər.

 

- Ruslar Xorvatiya ilə oyunda çoxlu səhvlərə yol verdilər. Əgər həmin səhvlər bizimlə görüşdə də təkrarlansa, bundan istifadə edə biləcəksizmi?

- Təbii ki, istifadə etməliyik. Müdafiədə sakit, etibarlı oynamalı, “panika” yaratmamalı, soyuqqanlılığımızı qorumalıyıq. Eyni zamanda, boşluqlardan istifadə etməliyik. Rusiya keçiləsi komandadı. Vacib olan məqam bizim Çexiya ilə oyundakı qədər səhvlərə yol verməməyimizdi.

 

- Deməli, şanslar bərabərdi...

- Elədi. Fikrimcə, yarımfinala yüksələ bilərik.

 

- Rusiya yığmasının zəif və güclü tərəfləri hansılardı?

- Müdafiədə güclü oynayırlar. Əsas gücləri məhz müdafiədədi. Hücumda elə də məhsuldar deyillər.

 

0