[b]Yenə Serbiya, yenə Rusiya: Yığmamız revanş ala biləcəkmi?[/b]
08.02.2016 - 11:15
[b]Yenə Serbiya, yenə Rusiya: Yığmamız revanş ala biləcəkmi?[/b]

Futzal üzrə Avropa çempionatının 1/4 final mərhələsində Rusiya ilə qarşılaşacaq Azərbaycan yığması 4-cü dəfə bu rəqiblə üz-üzə gələcək. Apasport.az saytının məlumatına görə, ilk dəfə final mərhələlərində qarşılaşacaq komandalar 1 seçmə, 2 pley-off oyununda münasibətlərini aydınlaşdırıb.

 

İlk belə duel 2004-cü ilə təsadüf edib. AVRO-2005-in seçmə mərhələsi çərçivəsində baş tutan qarşılaşma yanvarın 27-də keçirilib. Maraqlıdı ki, həmin vaxt da Azərbaycan – Rusiya oyunu indiki kimi Serbiyada baş tutub.

 

Amma indiki final mərhələsindən fərqli, seçmə oyunlara Belqrad deyil, Zrenyanin ev sahibliyi edib. Həmin görüşdə şimal qonşularımız 5:0 hesabı ilə qalib gəlib. Rəqibimizin qollarına Vitali Moskalenko, Konstantin Mayevski (hər ikisi 2 qol) və Denis Abişov imza atıblar.

 

12 ildən sonra qisasını elə Serbiyada almağa çalışacaq yığmamız DÇ-2012-nin pley-offunda da Rusiyanı adlaya bilməyib. 2012-ci il martın 27-cə Bakıda 2:3  hesabı ilə uduzan komandamız aprelin 9-da Kazanda baş tutan cavab görüşdə heç-heçəylə kifayətlənmişdi – 2:2.

 

4 il əvvəlki duellərdə millimizin qollarını Kaka, İlkin Hacıyev, Serjao və Kadder Dantas vurmuşdular. Rusiyalıların heyətində isə Sergey Sergeyev (2), İvan Milovanov, Nikolay Pereverzev və Aleksandr Fukin fərqlənmişdilər.

 

Qeyd edək ki, 1/4 finalda keçiriləcək Rusiya – Azərbaycan oyunu fevralın 9-da baş tutacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

0