[b]Millimizin sabiq çalışdırıcısı: Orda satqın məşqçi var [/b]
08.02.2016 - 14:30
[b]Millimizin sabiq çalışdırıcısı: Orda satqın məşqçi var [/b]

Futzal üzrə yığma komandamızın sabiq baş məşqçisi Elman Ələkbərovun apasport.az saytına müsahibəsi

 

- Futzal üzrə yığma komandamız Avropa çempionatında 1/4 final mərhələsinə vəsiqə qazanıb. Millimizin qrupdakı oyunları barədə nə deyə bilərsiniz?

- Yığmamızı təbrik edirəm. Bu, çox böyük uğurdu. Belə turnirdə 1/4 finala yüksəlmək hər dəfə nəsib olmur.

 

- Növbəti mərhələdə rəqib Rusiya millisidi. Bu komandanı keçmək olarmı?

- Düzdü, Rusiya yığması hazırda çox güclüdü. Amma onlara qarşı oynamaq olar. Mən şansları 50/50-yə görürəm. Tino Peres uzun müddət Rusiyada çalışıb, onları çox yaxşı tanıyır. Bu amil komandamıza kömək edə bilər. Üstəlik, Amadeunun da cəzası başa çatıb, o da meydana çıxa biləcək. İnandırım sizi, Çexiya ilə görüşdə Amadeu oynasaydı, rəqib 5 qol vura bilməzdi. Peres azərbaycanlı oyunçulara da şans verir ki, onlar pis çıxış etmirlər. Məndə olan məlumata görə, Rusiya ilə görüş üçün biletlər artıq satılıb qurtarıb.

 

- Siz hansı komanda ilə düşməyimizi istərdiniz?

- Qazaxıstanla. Çünki o ölkədə satqın məşqçi işləyir. Joze Alesio da Silvadan söhbət gedir. Burda ona o qədər hörmət olundu. Amma heç kimə xəbər vermədən bazanı tərk edib Qazaxıstana qaçmışdı. İndi “Kayrat”da çalışır. Qazaxıstan özü də güclü komandadı. Amma rəqib onlar olsaydı, bu amil futbolçularımıza əlavə motivasiya verərdi.

 

- Komandamızın finala qədər irəliləmək şansını necə dəyərləndirirsiniz?

- Məncə, final yolunda ən böyük mane Rusiyadı. Bu cütün qalibi yarımfinalda Serbiya – Ukrayna cütünün qalibi ilə qarşılaşacaq. Rusiya həmin yığmaların hər ikisindən güclüdü. Bu baxımdan deyirəm ki, Rusiyanı keçə bilsək, final yolunda böyük addım atmış olarıq. Ancaq futzalda öncədən nəsə demək çətindi. Kim deyərdi ki, İtaliya Çexiyanın qapısından 7 cavabsız top keçirəcək? İtalyanlar bizimlə oyunda fərdi səhvdən 3 qol vurdular. Bizim də onlarla matçda qol şanslarımız olmuşdu. Yəni istənilən nəticəni gözləmək olar.

 

- Yığmamızda çatışmayan nələrdi?

- İmkan düşən kimi, qapıya zərbə vurmaq lazımdı. Ağatahir Əzimov necə idi? Hardan gəldi qapını yoxlayırdı. Bundan başqa, oyunçular arasında anlaşma aşağı səviyyədədi. Ən böyük problem isə müdafiədən hücuma sürətli çıxa bilməmələridi. Qrupdakı iki oyunda niyə 8 top buraxdıq? Müdafiədəki səhvlər ucbatından. Bundan başqa, bu yarışda hələ görməmişəm ki, hansısa oyunçu gözəl fəndlə rəqibini aldatsın. Bunların üzərində çalışmaq lazımdı. Bunun üçün də futzal yığmamız ildə ən azı 5-6 təlim-məşq toplanışı keçməlidi. Komandamız tez-tez toplaşıb oyunlar keçirsəydi, bu səhvlər olmayacaqdı.

 

- Qapıçımız Rövşən Hüseynli İtaliya ilə görüşü yüksək səviyyədə keçirsə də, Qazaxıstanla matçda 5 top buraxdı. Bunu necə başa düşmək olar?

- Mən bunu yorğunluqla əlaqələndirərdim. Yüklənmə çoxdu. Üstəlik, saat fərqi, yemək fərqi var. Rövşən də cavan uşaqdı. Çexiya ilə oyunda yorulduğu hiss olunurdu. Nə qədər top çıxarmaq olar?

 

- Sizcə, Avropa çempionatının qalibi hansı komanda olacaq?

- Mənə elə gəlir ki, İtaliya yığması yenə Avropa çempionu olacaq.

 

- Sizin dövrünüzdəki yığma ilə indikini necə müqayisə edərdiniz?

- O vaxt başqa futzal idi. İndi müasir oyun gedir, sürət yüksəkdi. Bu, müqayisəedilməzdi. Məndə bütün oyunlarımızın videokassetləri var. İndi onlara baxıb gülürəm. Bizdə birtoxunuşlu ötürmələr olmurdu. O vaxt ruslar gəlmişdilər, bizdən soruşurdular ki, niyə ayağınızda topu çox saxlayırsınız? Amma həmin vaxt futzala maraq daha böyük idi, hər oyuna azarkeşlər gəlirdi. O vaxt zala giriş pulsuz idi. Buna baxmayaraq, əvvəlcədən zəng vurub xahiş edirdilər ki, bizə yer saxlayın da.

 

- Sizin vaxtınızda da braziliyalılar var idi. Onlarla indikilər arasında nə cür fərqlər var?

- Braziliyalıları ona görə gətirmişdik ki, bizim uşaqlar onlardan nəsə öyrənsinlər. Amma indiki braziliyalılar daha güclüdülər. Braziliyalılar da o vaxt başqa cür oynayırdılar. Böyük futboldan götürək. Braziliya millisi sonuncu dəfə nə vaxt dünya çempionu olub? Son mundialları İtaliya, İspaniya və Almaniya qazanıb. Hamısı Avropa ölkələridi. İndiki braziliyalıların 80 faizi Avropa futbolu oynayır. Məsələn, bizdə Pneu var idi ki, onun kimi güclü zərbə vuran yox idi. Amma Pneunun xasiyyəti pis idi. İndikilər isə kollektiv oyun göstərməyi bacarırlar, mehribandılar.

 

- 3-4 yerli futzalçı var ki, uzun illərdi yalnız onlar yığmaya dəvət alırlar. Niyə yeni futzalçılar yetişmir?

- Son 10 ildə Vitali Borisov kimi futzalçı çıxmayıb. Rizvan Fərzəliyevin, Zeynal Zeynalovun da adını çəkə bilərəm. Sizə bir sual verim. Böyük futbolda İsgəndər Cavadov kimi oyunçu varmı? O, məşqdən sonra qalıb iki saat boş qapıya top vururdu. Futzalda da indi Vitali kimisi yoxdu. Borisov Rusiya çempionatında çıxış edib, orda qollar vurub. O, karyerasının ilk oyununda 5 qol vurub. Çünki özünə güvənib. İkinci belə oyunçunun çıxmasını gözləməyin. Çünki indiki gənclər onun kimi oynamağa can atmırlar. Qarşılarına konkret məqsəd qoymurlar.

 

Ruslan SADIQOV

0