[b]Samir Məsimov “Domjale”yə keçdi[/b]
08.02.2016 - 15:31
[b]Samir Məsimov “Domjale”yə keçdi[/b]

“Neftçi”nin yarımmüdafiəçisi Samir Məsimov bundan sonra “Domjale” klubunun formasını geyinəcək. Komandadan apasport.az saytına verilən məlumata görə, Sloveniya təmsilçisindən gələn rəsmi təklifdən sonra “ağ-qaralar” futbolçunun karyerasını xaricdə davam etdirməsinə şərait yaratmaq üçün onunla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.

 

Rusiyanın “Lokomotiv” klubunun yetirməsi olan yarımmüdafiəçi bu komandanın əvəzedici heyətində çıxış edib. Burada keçirdiyi 12 matçda 8 qol vuran Məsimov Azərbaycanın aşağı yaş qruplarından olan yığmalarına cəlb edilib. 2014-cü ilin qışında “Neftçi”yə keçən yarımmüdafiəçinin paytaxt təmsilçisindəki karyerası 2 il davam edib.

 

“Ağ-qaralar”la 5 illik müqavilə imzalayan futbolçu “Neftçi”nin heyətində Azərbaycan kubokunun qalibi olub. Premyer Liqada 50 qarşılaşmada komandasının şərəfini qoruyan yarımmüdafiəçi 2 dəfə qol sevinci yaşayıb.

 

21 yaşlı Məsimov son illərdə “Neftçi”ni Balkan yarımadasına dəyişən ikinci milli üzvüdü. Ötən ilin əvvəlində Ruslan Qurbanov “Neftçi”dən “Hayduk”a yollanmışdı.

 

Sloveniya çempionatına üz tutan Samir bu ölkədə sabiq komanda yoldaşı Julius Vobayla görüşmək imkanı əldə edib. Belə ki, syerra-leoneli futbolçu bir müddət əvvəl bu ölkənin “Olimpiya” klubu ilə 2017-ci ilədək müqavilə imzalayıb.

 

Qeyd edək ki, “Domjale” klubu yerli çempionatda 22 turdan sonra “Olimpiya” və “Maribor” klublarından sonra 3-cü pillədə qərarlaşıb.

 

0