[b]Zurab Xizanişvilinin zədəsinə aydınlıq gəldi[/b]
08.02.2016 - 17:10
[b]Zurab Xizanişvilinin zədəsinə aydınlıq gəldi[/b]

“Qəbələ” ilə oyunda zədələnərək, 14-cü dəqiqədə əvəzlənən “İnter”in futbolçusu Zurab Xizanişvilinin durumu yaxşıdı. Bu barədə apasport.az saytına paytaxt klubunun meneceri Aleksey Barvinski məlumat verib.

 

O bildirib ki, gürcüstanlı müdafiəçinin zədəsi ciddi deyil. Bununla belə, Xizanişvilinin növbəti tur çərçivəsində AZAL-la keçiriləcək matçı buraxmaq ehtimalı var: “Həkimlər bu gün Zurabı yoxladılar. Məlum oldu ki, vəziyyəti yaxşıdı, zədəsi ciddi deyil. İndiki məqamda AZAL-la görüşdə iştirak etmək şansı 50 faizə bərabərdi. Sabah klubun həkimi onu bir də yoxlayacaq. Ehtiyac olarsa, Xizanişvilini Maqnit Rezonans Tomoqrafiyasına (MRT) göndərəcəyik. Əks təqdirdə isə Zurab məşqlərə start verəcək”.

 

“İnter”in digər futbolçularından Rauf Əliyevin zədəsi davam etdiyi halda, məşqçilər heyəti Mirhüseyn Seyidovdan şad xəbər alıblar. Belə ki, yarımmüdafiəçi fərdi məşqlərə start verib. Hələlik yüngül qaçışla kifayətlənən Seyidov bu həftə ərzində kollektivlə məşqlərə də qoşulacaq.

 

Gənc futbolçu Mirsahib Abbasov isə hələ də ayağında ağrı hiss edir. MRT Abbasovun zədəsinin ciddi olmadığını göstərsə də, həkimlər onun bir müddət istirahət etməli olduğunu bildiriblər.

 

Qeyd edək ki, AZAL – “İnter” qarşılaşması fevralın 13-də keçiriləcək. 

0