[b]“Azərbaycanla oyunlarda bəxt üzümüzə gülüb” –MÜSAHİBƏ[/b]
08.02.2016 - 18:32
[b]“Azərbaycanla oyunlarda bəxt üzümüzə gülüb” –MÜSAHİBƏ[/b]

Futzal üzrə Avropa çempionatında uğurlu çıxış edən Azərbaycan millisi 1/4 finalda Rusiya ilə qarşılaşacaq. Rusiya millisinin kapitanı Nikolay Pereverzev oyunöncəsi apasport.az saytının suallarını cavablandırıb.

 

- Rusiya yığmasının qrup mərhələsindəki çıxışını necə qiymətləndirirsiniz?

- İstər Qazaxıstan, istərsə də Xorvatiya ilə oyunlarda gücümüzü göstərə bilmədik. Yaxşı oynamamağımıza baxmayaraq, məqsədimizə çatdıq. Əvvəlcədən də hədəfimiz qrupda birinci pilləni tutmaq idi. Nəticəni əldə etmişik və nəyisə düz etməməyimizlə bağlı kimsə bizə irad tuta bilməz.

 

- Özünüz də razılaşırsınız ki, oyunları zəif keçirdiniz. Bunun səbəbini nə ilə izah edərdiniz?

- Bu haqda düşünən tək siz deyilsiniz. Oyunu kim izləyirsə, bu haqda yazır. Amma bir məqamı unutmaq olmaz: Avropa çempionatının səviyyəsi ildən-ilə yüksəlir. Artıq aşkar favorit yoxdu. Futzalçılar inkişaf edir, komandalar güclənir. Bu da görüşlərin çətin keçməsinə səbəb olur. Digər tərəfdən, rəqiblərimiz fiziki cəhətdən güclü olmasalar da, taktiki və texniki baxımdan yaxşı oynayırlar. Buna görə də bizə öz oyunumuzu sərgiləmək çətin olur.

 

- 1/4 finalda Azərbaycan millisi ilə qarşılaşacaqsınız. Komandamız haqda nə düşünürsünüz?

- Milliniz hücumda yaxşı oynayır. Təbii ki, zəif tərəfiniz yox deyil. Baş məşqçimiz komandanızı təhlil edib bizə məlumat verəcək. Yığmanızla əvvəllər oynamışıq və həmin oyunlarda bəxt üzümüzə gülüb. Sabah yenə sona qədər mübarizə aparacağıq. Çalışacağıq, oyunumuzu, nəyə qadir olduğumuzu ortaya qoyaq. İnanıram ki, idman xoşbəxtliyi yenə bizim tərəfimizdə olacaq.

 

- Son finalçını oyunöncəsi bir addım öndə saymaq olar?

- Elə deməzdim. Şanslar bərabərdi. Əvvəlcədən iddialı danışmaq olmaz. İdman belə şeyləri sevmir. Hər iki komandanın şansları bərabərdi. Kimin güclü olduğunu oyundan sonra tablodakı hesab göstərəcək.

 

- Sizcə çempionatın sürpriz komandası hansı ölkənin millisi olacaq?

- Sürpriz komanda kimi Serbiyanı qeyd edərdim. İntizamlı komandadı, nəticələri də yaxşıdı, qrupu birinci pillədə başa vurdular. Son çempion da yaxşı formadadı. İtaliya millisi rəqibə heç bir şans vermir.

 

- Yeri gəlmişkən, son 8 komandanın 4-ü postsovet ölkələridi. Maraqlıdı, futzala maraq nədən qaynaqlanır?

- Açığı, bu haqda heç düşünməmişəm. Hər biri ilə meydandan kənarda dostuq. Amma oyun zamanı bu dostluqdan əlamət qalmayacaq. Çünki hər birimiz rəqibik, qələbə qazanmaq istəyirik.

 

0