[b]“Rusiya yığması əvvəlki kimi güclü deyil” - MÜSAHİBƏ[/b]
09.02.2016 - 09:59
[b]“Rusiya yığması əvvəlki kimi güclü deyil” - MÜSAHİBƏ[/b]

Futzal üzrə Azərbaycan millisinin qapıçısı Rövşən Hüseynlinin apasport.az saytına müsahibəsi

 

- Avropa çempionatının başa çatan qrup mərhələsi haqda nə deyə bilərsiz?

- Bu mərhələyə İtaliya ilə başladıq, Çexiya ilə yekunlaşdırdıq. Birinci oyunumuzun çox çətin keçəcəyini proqnozlaşdırmışdıq, çünki rəqib sonuncu Avropa çempionu idi. Məğlub olacağımızı bilirdik. Amma Çexiyaya ən azı 3 top fərqi ilə qalib gəlmək istəyirdik ki, İtaliya - Çexiya duelinin nəticəsini gözləməyək. Ancaq elə alındı ki, qollar vursaq da, həm də öz qapımızdan buraxdıq və minimal hesablı qələbə qeydə alındı.

 

- Maraqlıdı ki, İtaliya ilə oyunda daha yaxşı müdafiə olunmağı bacardığınız halda, Çexiya komandamızın arxa xəttində çox boşluqlar tapdı və 5 qol vurdu...

- Müəyyən qədər rahatlıq var idi. Qələbə qazanacağımıza çox inanırdıq. Oyun zamanı bunun əziyyətini çəkdik.

 

- İki görüşün yekununda ən çox top çıxaran qapıçı oldunuz. Bu statistik göstərici nəyin nəticəsidi?

- Müdafiədə zəif oynadığımızı deyə bilmərəm. Əksinə, elə məqamlar oldu ki, müdafiəçilər məni sığortaladılar. Səhvlərimiz oldu, amma zəhmətimiz yerdə qalmadı. Bura gələndə məqsədim özümü yaxşı tərəfdən göstərmək idi. Nəticələr hələ ki, bunu təsdiqləyir. Şans verdiyinə görə baş məşqçimizə, eləcə də rəhbərliyə təşəkkür edirəm.

 

- Topa əla reaksiya nümayiş etdirsəniz də, ayaqla oyununuz istənilən səviyyədə deyil. Bu problemi aradan qaldırmaq istəmirsiz?

- Bu, bir tərəfdən baş məşqçimizdən qaynaqlanır. Çünki o, qapıçının qapıda dayanmalı olduğunu, hər dəqiqə oyuna qoşulmalı olmadığını bildirib. Əsas odu ki, qapıda güclü dayanasan. Amma Avropa çempionatında ayaqla güclü çıxış edən qapıçılar da gördüm. Bu çatışmazlığı aradan qaldırmaq üçün üzərimdə işləyəcəm.

 

- Qulağınıza baş klublardan transfer xəbərləri gəlmir?

- Bəlkə də danışıqlar gedir, amma mənimlə konkret söhbət edən olmayıb. Haqqımda müsbət fikirlər var. Təbii ki, belə bir təklif olsa, baş məşqçi və klub rəhbərliyi ilə danışacam. Yaxşı təklif olsa, niyə də dəyərləndirməyim?

 

- 1/4 final mərhələsi çərçivəsində komandamızı bu gün Rusiya yığması ilə oyun gözləyir. Bu görüş haqda nə düşünürsüz?

- Düzdü, onlar Avropa çempionatının son finalçısıdı. Ancaq əvvəlki kimi güclü deyil. Bəlkə də oyunlarını gizlədirlər. Belə götürdükdə, məğlub edilməyəsi rəqib deyil.

 

- Yarımfinala adlamaq şansımız nə qədərdi?

- Şansımız var. Buna inanıram. Daha diqqətli oynamalı, İtaliya və Çexiya ilə matçlardakı səhvləri təkrarlamamalıyıq.

 

0