[b]“Kəpəz”in braziliyalısı Azərbaycana nə vaxt qayıdacaq?[/b]
09.02.2016 - 16:13
[b]“Kəpəz”in braziliyalısı Azərbaycana nə vaxt qayıdacaq?[/b]

“Kəpəz” braziliyalı futbolçusu Dario Federiko da Silvanın xidmətindən hələ uzun müddət yararlana bilməyəcək. Bu barədə apasport.az saytına Gəncə klubunun baş məşqçisi Şahin Diniyev məlumat verib.

 

Çalışdırıcı 3 aydı yaşıl meydanlardan uzaq qalan 25 yaşlı yarımmüdafiəçinin hazırda vətəni Braziliyada olduğunu söyləyib. Ölkəsində reabilitasiya kursu keçən da Silva hələ ay yarım da orda qalacaq: “Darionun zədəsi olduqca ciddi idi. Azərbaycana martın sonlarında gələcək. Aprelin əvvəllərində komandaya kömək edə bilsə, sevinərik”.

 

Bu arada, icarə əsasında oynadığı “Xəzər Lənkəran”dan qış fasiləsində ayrılaraq MOİK-ə qayıdan Orxan Əliyev “Kəpəz”in düşərgəsindədi. Eyni zamanda hərbi xidməti yerinə yetirən gənc yarımmüdafiəçi Gəncə klubunun heyətində baxışdadı. Şahin Diniyev onunla bağlı bu həftə qərar verəcəyini söyləyib: “Orxanı hələ bir neçə gün yoxlamaq fikrindəyəm. Yəqin ki, bu həftənin sonuna qədər yekun qərar qəbul edəcəyik”.

 

Qeyd edək ki, Dario da Silva Topaz Premyer Liqasının XII turunda ötən il noyabrın 7-də keçirilən AZAL – "Kəpəz” (1:1) görüşünün sonlarında zədələnmişdi.

0