[b]“Rəvan” rəhbərliyinin maaşla bağlı yeni vədi: Həftənin sonunu gözləyin[/b]
09.02.2016 - 16:33
[b]“Rəvan” rəhbərliyinin maaşla bağlı yeni vədi: Həftənin sonunu gözləyin[/b]

Topaz Premyer Liqasının autsayderi “Rəvan”da maliyyə problemi davam etməkdədi. Apasport.az saytının məlumatına görə, paytaxt klubunun futbolçuları maaşlarını hələ də ala bilməyiblər.

 

“Neftçi” ilə oyundan öncə futbolçularla rəhbərlik arasında görüş olmuşdu. Həmin görüşdə komandanın üzvlərinə 5-7 fevral aralığında maaşları veriləcəyi deyilsə də, rəhbərlik sözünün üstündə durmayıb.

 

Futbolçuların “Neftçi” ilə səfər qarşılaşmasında 1 xal qazanması da rəhbərliyi addım atmağa sövq etməyib. Nəticədə 3 ay yarımdı pullarına qovuşa bilməyən futbolçuların həsrəti “ağ-qaralar”la görüşdən sonra da davam edib.

 

Rəhbərliyin gücü yalnız yeni vəd verməyə çatıb. Belə ki, indi də futbolçulara bu həftənin sonuna, daha dəqiq desək “Zirə” ilə oyuna qədər gözləmək məsləhət bilinib.

 

Bunu əməkdaşımızla söhbətində komandanın kapitanı Ramazan Abbasov da təsdiqləyib: “Hələ ki, maaşlarımız verilməyib. Oktyabr ayının yarı, noyabr, dekabr və yanvarın isə tam maaşı qalıb. Vəziyyət çətindi. Deyiblər ki, bu həftənin sonunu gözləyin. “Zirə” ilə oyuna qədər verilməlidi. Görək...”.

 

Maraqlıdı ki, “Rəvan”ın baş məşqçisi Bəhmən Həsənov “Neftçi” ilə oyundan sonra keçirilən mətbuat konfransında yanvar ayının maaşının bir hissəsini aldıqlarını demişdi.

 

 

 

0