[b]“Qəpik-quruşla Bakı kimi bahalı şəhərdə yaşamaq olmazdı” – ukraynalı qapıçı[/b]
10.02.2016 - 13:17
[b]“Qəpik-quruşla Bakı kimi bahalı şəhərdə yaşamaq olmazdı” – ukraynalı qapıçı[/b]

“Azərbaycan çempionatı 4 dövrə üzrə keçirilir. 18 görüşdə iştirak etdim. Bu isə o deməkdi ki, çempionatın yarısında oynamışam”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Rəvan”ın sabiq qapıçısı Kostyantin Maxnovski deyib.

 

Qış fasiləsində Azərbaycanı tərk edən ukraynalı qapıçı bir müddət “Dnepr”in düşərgəsində olsa da, baxışdan uğurla keçə bilmədi.

 

Ölkəsinin mətbuatına müsahibə verən Maxnovski Azərbaycandan ayrılmasına da toxunub. O, “Rəvan”dan gedişinin maliyyə məsələsi ilə bağlı olduğunu bir daha təsdiqləyib: “Azərbaycanda çempionat oyunlarından əlavə, ölkə kubokunun 1 matçında iştirak etdim. Ordakı ilk 2 görüşümdə bir qədər əsəbi təsir bağışlamışdım. Amma sonra oyun ritmini tuta bildim. Baş məşqçi mənə güvənirdi. Yeni il bayramına az qalmış isə klubun maddi vəziyyəti nəzərəçarpacaq dərəcədə pisləşdi. Bundan sonra bütün aparıcı oyunçular komandadan ayrıldılar. Təklif etdikləri qəpik-quruşla Bakı kimi bahalı şəhərdə yaşamaq olmazdı”.

 

Təcrübəli çərçivə qoruyucusu “Dnepr”də baxışdan keçə bilməməsi haqda da münasibət bildirib: “Dnepr” mənimlə hələ Denis Boyko komandadan ayrılmamışdan əvvəl maraqlanırdı. Denis “Beşiktaş”a keçəndən 1 gün sonra mən Antalyaya yollanaraq, “Dnepr”in düşərgəsinə qoşuldum. Gecə saat 3-də ora çatdım, 8 saat sonra isə “Frankfurt”la yoxlama görüşünə çıxdım. Sabahkı gün isə yüngül məşqdə iştirak etdim və daha sonra “Haydenhaym”la matçda “Dnepr”in qapısını qorudum. Məndə həyəcan yox idi. Axı karyeramın ilk oyunlarına çıxmırdım. Təbii ki, kollektivə qısa zamanda tam uyğunlaşa bilməzdim. Amma ümumilikdə həmin görüşlərdə səhvə yol vermədiyimi düşünürəm. Hər halda, 2 matçın heç birində qol buraxmadım. İspaniya toplanışına yollanmaq ərəfəsində isə mənə dedilər ki, hələlik komandada olan qapıçılarla yola davam edəcəyik”.

 

Gələcək karyerası ilə bağlı da danışan Maxnovski qeyd edib ki, yenə legioner həyatı yaşayacağı inandırıcı görünür: “Hazırda Kiyevdəyəm, fərdi məşqlərlə özümü formada saxlamaq istəyirəm. Karyeramı öz ölkəmdə davam etdirməyi düşünmürəm. Çünki Ukraynada hazırda qapıçıya ehtiyacı olan komanda görmürəm. Xarici klublara keçmək isə mümkündü. Çünki bəzi variantlar var”.

0