[b]Kamran Abdullazadə “Xəzər Lənkəran”a qayıdır[/b]
10.02.2016 - 17:20
[b]Kamran Abdullazadə “Xəzər Lənkəran”a qayıdır[/b]

“Xəzər Lənkəran”ın qış fasiləsində transferə çıxardığı futbolçulardan biri komandaya qayıdıb. Apasport.az saytının məlumatına görə, söhbət yarımmüdafiəçi Kamran Abdullazadədən gedir.

 

Gənc futbolçu ilə Premyer Liqanın bir neçə klubu maraqlansa da, gələn təkliflər cənub klubunu qane etməyib.

 

Abdullazadə əməkdaşımızla söhbətində bildirib ki, “Xəzər Lənkəran”da qalmağının səbəbi klubun onu buraxmamağı olub: “Kəpəz” də daxil olmaqla, bir neçə variantım var idi. Lakin transfer vərəqəm “Xəzər Lənkəran”da olduğundan, həmin komandalar ilk növbədə klubumla anlaşmalı idilər. Lakin görünür, gələn təkliflər rəhbərliyin ürəyincə olmayıb. Artıq sabahdan “Xəzər Lənkəran”ın əvəzedici heyətində məşqlərə başlayacam. Hələ ki, əvəzedicilərdə yer alacam. Bundan sonra əsas komandaya qayıdıb-qayıtmayacağım rəhbərliyin və baş məşqçinin qərarından asılı olacaq. Klubla mövsümün sonuna qədər müqaviləm olduğundan, yaya qədər burda qalacağım dəqiqdi”.

 

Qeyd edək ki, “Xəzər Lənkəran” Kamran Abdullazadə ilə yanaşı, Elşən Rzazadə və Elnur Cəfərovu da transferə çıxarmışdı. Onlardan yalnız Elşən özünə başqa komanda tapıb. O, “transfer pəncərəsi”nin son günlərində “Neftçi”yə keçmişdi.

0