[b]“Hazırkı mövqe bizə uyğun deyil” - David Pietrzkieviç[/b]
11.02.2016 - 09:15
[b]“Hazırkı mövqe bizə uyğun deyil” - David Pietrzkieviç[/b]

Fevralın ilk ongünlüyü “Qəbələ”nin iki futbolçusu üçün əlamətdar olub. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “qırmızı-qaralar”ın iki üzvü ardıcıl ad günlərini qeyd edib.

 

Srağagün polşalı qapıçı David Pietrzkieviç 28 yaşını tamamlayıbsa, dünən Azərbaycan yığmasının müdafiəçisi Arif Daşdəmirov 29-cu ad gününü keçirib. Əvvəllər də “qırmızı-qaralar”ın formasını geyinən, lakin komandadan ayrılan və 2015-ci ilin yayında yenidən kluba dönən oyunçular doğum günlərinə fərqli yanaşsa da, ortaq arzuya malikdilər.

 

Bu tarixi vətəndən kənarda qeyd etməsi adi hala çevrilən polşalı ad günündə arzu da tutduğunu açıqlayıb: “Ad günümü komanda yoldaşlarımla qeyd etdim. Ailəm yanımda olmasa da, artıq buna adət etmişəm. Axı ardıcıl 6-cı ad günümdü ki, evimdən uzaqda qeyd etməli oluram. Yadımdadı, 2 il əvvəl də Qəbələdə idim. İstərdim ki, növbəti ad günlərimi də burada qeyd edim. Bu əlamətdar günlə bağlı əvvəlki illərdən qeyri-adi xatirəm qalmayıb. Hər dəfə eyni şəkildə keçirirəm. Həmin tarixdə meydana çıxdığımı da xatırlamıram. Amma iki il öncə ad günüm ərəfəsində səfərdə “Sumqayıt”la qarşılaşdıq. Yadımdadı ki, 3:0 hesabı ilə qalib gəldiyimiz matçda qapımızı da toxunulmaz saxladım. İndi isə doğum günündən sonra bu rəqiblə oynayacağıq. Yenə eyni hesabla qalib gəlməyimizi istərdim. İndi isə ürəyimdə ad günü arzusu tutdum ki, mövsümü çempion kimi başa vuraq”.


Ad günündə Topaz Premyer Liqasının qızıl medallarını qazanmağı arzulayan qapıçı bu istəyin gerçəkləşməsi üçün mübarizə aparacaqlarını bildirib: “Komandamızın çıxışına gəlincə, hazırda qərarlaşdığımız mövqe bizə uyğun deyil. “Qəbələ” Azərbaycanın ən yaxşı komandalarındandı. Biz də çempionluq uğrunda mübarizə aparırıq. Baxmayaraq ki, liderlə xal fərqimiz var. Bunu aradan qaldırmaq mümkündü. Qarşıda vacib görüşlər var ki, onları da qalib gəlməklə arzumu gerçəkləşdirməyə yaxın olacağıq. Müqaviləm bu ilin yayında bitsə də, “Qəbələ”də qalmaq istəyirəm. Növbəti ad günlərimi də burda qeyd etmək istərdim”.
 

Daşdəmirov ad gününə böyük önəm verməsə də, komanda yoldaşının arzusuna şərikdi. O da “Qəbələ”nin 1-ci yer uğrunda mübarizə aparacağını açıqlayıb: “Mövsümün ikinci yarısına iki səfər oyunu ilə başladıq. Gəncədəki ilk matçımız uğursuz alınsa da, “İnter”lə qarşılaşmada toparlana bildik. Həmin matçda bacarığımızı nümayiş etdirib, vacib qələbə qazandıq. “İnter” zəif komanda deyil. Bu rəqibi məğlub etmək asan olmadı. Amma bunu bacardıq. Şadam ki, 3 xal qazanmaqla azarkeşlərimizi sevindirə bildik. Qarşıda “Sumqayıt”la görüş var. Necə olacağını söyləmək çətindi. Lakin bütün gücümüzü meydanda qoyacağıq ki, yenə qələbə qazanaq. Çünki çox xal itirmişik. Amma komandamız çətinlikləri artıq arxada qoyur. Bu üzdən artıq xal itirməməliyik. Əvvəlki xal itkilərinə baxmayaraq, hədəfimiz dəyişmir. Çempionluq uğrunda mübarizə aparacağıq. Düzdü, liderlə xal fərqini aradan qaldırmaq çətin olacaq. Ancaq qarşıda hələ 16 tur var, bu oyunlar çox dəyişikliyə səbəb ola bilər. Biz də 1-ci yer üçün mübarizəni davam etdirəcəyik”.

0