[b]“Azəryol”dan yarımfinal yolunda ilk addım[/b] - [b]YENİLƏNİB[/b]
11.02.2016 - 19:45
[b]“Azəryol”dan yarımfinal yolunda ilk addım[/b] - [b]YENİLƏNİB[/b]

Bu gün qadın voleybolçular arasında CEV kubokunun “Çelenc raund”unda növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, yarımfinalda gedən yolda Bakının “Azəryol” klubu ilk matçına evdə çıxıb.

 

Komandamız İtaliya “Novara”sı ilə üz-üzə gəlib. Görüş Bakı təmsilçisinin asan qələbəsi ilə yekunlaşıb. Hazırda ölkə çempionatında 5-ci yerdə qərarlaşan apenninlilər Bakıya gəlməyə peşman olublar. Hər görüşdə azarkeşlərinə yaxşı mənada sürpriz edən “Azəryol” yenə ənənəsinə sadiq qalaraq, qonaqları əliboş yola salıb.

 

İlk seti 6 top irəlidə bitirən Ziya Rəcəbovun yetirmələri ikinci hissəni daha rahat aktivlərinə yazıblar – 25:17. Bu məğlubiyyət qonaqları bir qədər fəallaşdırıb. Çempionlar Liqasından CEV kubokuna enən “Novara” üçüncü setdə əzmkarlıq nümayiş etdirərək, fərqi azaldıb – 1:2.

 

Lakin ardınca üstünlük yenidən komandamızın tərəfinə keçib. Ziya Rəcəbovun taktiki gedişləri oyunun taleyini həll edib. Gənc çalışdırıcının komandası ilk 2 setdə olduğu kimi ciddi müqavimətlə üzləşməyib və 3:1 hesabı ilə qalib gəlib.

 

Buna baxmayaraq, mərhələ adlayacaq komanda İtaliyada dəqiqləşəcək. Bu qələbə “Azəryol”un səfərə rahat yollanmasına şərait yaradırsa, Çempionlar Liqasından gələn “Novara” cütün taleyini “Qızıl set”ə daşımaq üçün evdə möcüzə axtarışına çıxacaq. Həlledici oyun fevralın 23-də olacaq.  

 

11 fevral

CEV kuboku

Çelenc raund, ilk oyun

 

“Azəryol” (Azərbaycan) – “Novara” (İtaliya) - 3:1 (25:19; 25:17; 23:25; 25:17)

Hakimlər: Munir Fattah (Almaniya), İqor Porvaznik (Slovakiya)

Bakı, “Azərreyl” İdman Bazası

0