[b]“Məşqçilər korpusunda dəyişiklik edilə bilər” - Auqusto Sezar[/b]
11.02.2016 - 11:19
[b]“Məşqçilər korpusunda dəyişiklik edilə bilər” - Auqusto Sezar[/b]

Futzal üzrə Azərbaycan millisinin hücumçusu Auqusto Sezarın apasport.az saytına müsahibəsi

 

- Avropa çempionatı yığmamız üçün erkən başa çatdı. Komandamızın qitə birinciliyindəki çıxışını necə qiymətləndirirsiz?

- Son oyundan başlamaq istərdim. Rusiyaya qarşı birinci hissədə yaxşı mübarizə apardıq. Amma fasilədən sonrakı çıxışımız uğursuz alındı. Hər oyunda olduğu kimi, yenə “hədiyyələr” verdik. Yadınızdadısa, Çexiya ilə matçda da bəsit səhvlərimiz olmuşdu və rəqib çoxlu qol vurmuşdu. Çexlərdən fərqli, ruslar çox güclüdülər və onlara qol vurmaq asan deyil.

 

- Bəs bu cür “hədiyyələr”imiz niyə çox oldu?

- Buna konkret cavab verə bilməyəcəm. Ola bilər ki, çox əsəbi idik və bu da işimizə mane olurdu. Digər tərəfdən Avropa çempionatları zamanı təzyiq hər zaman olur. Biz də bunu hiss edirdik. İndi növbəti oyunumuzu düşünməliyik. Kolumbiyada keçiriləcək dünya çempionatının pley-off matçlarını nəzərdə tuturam.

 

- Rusiya ilə görüşdə ehtiyat oyunçular da meydanı tərk edənləri layiqincə əvəz edə bilmirdilər...

- Meydana çıxan hər kəs çalışdı, səy göstərdi.

 

- Yekun nəticəni uğurlu saymaq olarmı?

- Deməzdim ki, əla nəticədi. Çünki Azərbaycan artıq bir dəfə Avropa çempionatının yarımfinal mərhələsinə yüksəlib. Biz bu nəticəni yeniləsəydik, çıxışımızı uğurlu sayardım. Digər tərəfdən, son iki Avropa çempionatında mübarizəni qrup mərhələsində dayandırmışdıq. Bu dəfə isə bir addım irəlilədik. Məhz buna əsasən, normal qiymətləndirərdim.

 

- Razısız ki, siz də oyunlar zamanı üzərinizə düşəni tam yerinə yetirə bilmədiz?

- Bilirəm, çatışmazlıqlar oldu. Federasiya rəhbərliyi də komandadan razı qalmadı. İndi rəhbərliyin hansı addımlar atacağını gözləyirik. Ola bilsin, heyətdə, bəlkə də məşqçilər korpusunda dəyişiklik edilsin. Bakıya yenicə dönmüşük. Yəqin ki, 2-3 gün ərzində qərar veriləcək.

 

- Avropa çempionatında hansı komandanın oyununu bəyəndiz?

- İspanların çıxışını bəyəndim. Onlar finala yüksələcəklər. Serbiyada isə dostum Marko oynayır. Bu komandaların qalib adı uğrunda oynamasını istərdim. Qazaxıstandan Hiquita yarımfinal görüşünü buraxacaq. Onsuz komandasına çətin olacaq.

 

- Bəs dünya çempionatının pley-off mərhələsində hansı komanda ilə qarşılaşmağı istərdiz?

- Serbiyanı Avropa çempionatında gördük. Yarımfinala yüksələn komanda ilə oynamaq çətin olardı. Başqa komandalarla üz-üzə gəlsək, şansımız daha yüksək olacaq. İndi ancaq bu haqda düşünürük. Amma federasiyanın qərarından da çox şey asılı olacaq. Bəlkə heyətdə köklü dəyişikliklər edildi? Ona görə konkret söz demək çətindi.

 

0