[b]“Xəzər Lənkəran” sabiq milli üzvü ilə bağlı qərar verdi[/b]
11.02.2016 - 12:21
[b]“Xəzər Lənkəran” sabiq milli üzvü ilə bağlı qərar verdi[/b]

“Xəzər Lənkəran”ın baş məşqçisi Elbrus Məmmədov baxışda olan futbolçu Bayram Budaqovla bağlı qərarını verib. Apasport.az saytının məlumatına görə, 44 yaşlı çalışdırıcı “Dnepr”in sabiq üzvünün hazırkı durumundan razı deyil.

 

O, Budaqovun oyunçu keyfiyyətlərini bəyənsə də, hazırda formada olmamasından narazıdı: “Bir neçə məşqdi ki, Bayramı yoxlayıram. Futbolçu keyfiyyətləri pis deyil. Amma uzun müddət oynamadığından, formada deyil. Yəni oyun praktikasının azlığından əziyyət çəkir”.

 

Məmmədov bildirib ki, 19 yaşadək futbolçulardan ibarət millimizin keçmiş oyunçusu ilə bugünkü məşqdən sonra danışacaq: “Ona tam formaya düşənə kimi əvəzedici heyətdə oynamağı təklif edəcəm. Əgər bu təklifə razılıq versə, komandaya götürəcəyik. Razılaşmasa, yola salacağıq. Əvəzedici heyətdə forma yığıb, əsas komandaya cəlb edilə bilər. Başqa variant yoxdu”.

 

Ölkə çempionatının XXI turu çərçivəsində “Neftçi” ilə görüşə kimi, “Xəzər Lənkəran”ın düşərgəsinə daha bir futbolçu baxışa gəlməlidi. Məmmədov həmin oyunçunun adını açıqlamasa da, yolunu gözlədiklərini bildirib: “Məni ən çox narahat edən mövqelərdən biri hücum xəttidi. Baxışa gələcək yeni futbolçu Rusiyadandı və Bayram Budaqov kimi, o da hücumçudu. Sabah düşərgəmizə qoşulmalıdı. Adını və hansı klubdan gəldiyini isə hələ açıqlaya bilmərəm”.

 

“Xəzər Lənkəran”ın transferə çıxartdığı Kamran Abdullazadənin komandaya qayıtdığı və əvəzedici heyətdə məşqə başladığını xəbər vermişdik. Transferə çıxarılan digər futbolçu Elnur Cəfərovdan isə hələ xəbər yoxdu.

 

Elbrus Məmmədov bildirib ki, Cəfərova da komandaya qayıtmaq təklif edilib: “Onunla da danışmışıq, qayıtmasını istəyirik. Hələ ki, qərarını verməyib. Hər şey özündən asılıdı”.

 

 

 

 

 

 

0