[b]“Bacarmırsa, getməlidi, getmirsə, göndərilməlidi” – Yaşar Seyidov[/b]
11.02.2016 - 17:19
[b]“Bacarmırsa, getməlidi, getmirsə, göndərilməlidi” – Yaşar Seyidov[/b]

Martın 11-də AFFA-nın növbəti Hesabat-Seçki Konfransı keçiriləcək. AFFA prezidentinin, İcraiyyə Komitəsinin yeni tərkibinin müəyyənləşəcəyi tədbirdən gözləntilər böyükdü. Amma futbol ictimaiyyətini maraqlandıran bir çox suallar var və aydınlaşdırılması gərəkdi.


Düzdü, AFFA-nın nizamnaməsində konfransla bağlı hər şey əksini tapıb. Ancaq hətta bu sənəddə də elə boşluqlar var ki, onların aydınlaşdırılması vacibdi. Bu səbəbdən vaxtilə İK üzvü olmuş, “Bakı”nın vitse-prezidenti Yaşar Seyidovla söhbətləşdik:


- Yaşar bəy, növbəti konfransla bağlı hansı gözləntiləriniz var?
- Gözləntilərimiz böyükdür. Eyni zamanda ölkə futbolunun inkişafı naminə bir sıra təkliflərimiz olacaq.


- Məsələn...
- “Bakı” klubu olaraq, təklif edəcəyik ki, İK-da klubları təmsil edənlər daha fəal olsunlar, klubları daha yaxşı təmsil etsinlər. Çünki bu məsələ ilə bağlı ciddi boşluqlar var. Klublarda Müşahidə Şuraları yaradılıb. Amma maraqlıdı ki, Peşəkar Futbol Liqasının xətti ilə İK-da təmsil olunan şəxslər namizəd göstərildikləri klubların Müşahidə Şurasında yoxdu. Nəinki şurada, ümumiyyətlə, klublarda yoxdular, onların idarəçiliyində iştirak etmirlər. Niyə? Axı, onlar ali qanunverici orqanda klubları təmsil edirlər. Nəyə görə daha sonra yaradılan Müşahidə Şurasında bu adamlar yaddan çıxıb?


- İK-da üzvü olan klublardan biri də “Bakı”dı. Və Hafiz Məmmədov digər 3 klubun – “Neftçi”, AZAL və “Sumqayıt”ın nümayəndələri ilə müqayisədə birbaşa kluba bağlı olan adamdı. “Bakı”nın prezidenti yenə İK-ya namizəd olacaq?
- Təbii ki, namizəd irəli sürəcəyik. Amma hələ ki, vaxtımız var, klubdaxili iclas keçirdikdən sonra bu barədə son qərarımızı verəcəyik.


- Təklifləriniz nədən ibarət olacaq?
- Hər il dövlət tərəfindən futbola böyük qayğı göstərilir, büdcələr təsdiq olunur, vəsait ayrılır, yatırımlar edilir. İllik 23 milyon manatdan çox vəsait futbolun inkişafı naminə xərclənir. Ölkə rəhbərliyi, AFFA prezidenti əsas yığmanın, digər milli komandaların oyunları, təlim-məşq toplanışı üçün hər cür fədakarlığa qatlanır. Təəssüf ki, sonda bu qədər qayğıya rəğmən, uğursuz çıxışın hesabatı verilmir. Hər dəfə komandalarımız minimal xal toplayaraq qrup autsayderi olur, cavabdehlər isə heç nə olmamış kimi işinə davam edirlər. Konfransda bu məsələnin müzakirəsini təklif edəcəyik. Hər cür maddi dəstəyə baxmayaraq, ortada nəticə yoxdusa, kimsə bunun hesabatını verməlidi. Amma baxırıq ki, neçə illərdi elə eyni adamlar milli komandalara başçılıq edir. 17 yaşlılarla alınmayanda U-19-a, orada nəticə qazanmayanda gənclər millisinə və s. təyinat alırlar.


- Yəni büdcə ayrılırsa, buna uyğun tələb, hesabat da olmalıdı.
- Əlbəttə. Büdcə ayrılıb, şərait yaradılıb, futbolun inkişafına isə töhfə yoxdu. Bunun hesabatı istənməlidi. Bacarmırsa, getməlidi, getmirsə, göndərilməlidi. İstefa mədəniyyəti olmalıdı. Bütün dünyada uğursuz çıxışdan sonra məşqçilər, işə cavabdehlər postundan gedir, bizdə isə postları bir-bir gəzirlər. İnsanın özündə məsuliyyət hissi yoxdusa, bunu onlara xatırlatmaq lazımdı. Hər tsikldə vəzifə müəyyənləşdirməli, büdcə ayrılmalıdı, missiyanı üzərinə götürənlər işləməli, hədəfə çatmayanda dəyişiklik etmək lazımdı. Halbuki indiyədək heç bir baş məşqçi fəaliyyəti ilə bağlı hesabat verməyib. Dövlətin vəsaitini boşuna xərcləmək yetər, insanları artıq real nəticə maraqlandırır. Konfransda bu məsələnin ciddi müzakirə edilməsi üçün təkliflər paketimizi AFFA-ya göndərəcəyik.


- Ümumiyyətlə, konfransa nümayəndələrin təyin olunması qaydası necədi?
- Üzvlər konfransa 10 gün qalmışadək konfransda səsvermə hüququna malik olan nümayəndəsini müəyyən etməlidi. Növbəti konfrans isə ilin ilk rübü ərzində İcraiyyə Komitəsi tərəfindən çağırılmalıdı. Yığıncağa dəvət onun keçiriləcəyi gündən 25 gün əvvəl göndərilməlidi. 28-ci maddədə bu, aydın şəkildə qeyd olunub.


- Konfransın gündəliyi də İcraiyyə Komitəsi tərəfindən müəyyən olunur. Amma İK yığışmadan həm konfransın vaxtı, həm də gündəliyi açıqlanıb.
- Niyə belə olduğuna AFFA aydınlıq gətirməlidi. Ancaq hər bir üzvün yığıncağın gündəliyinə məsələ daxil edilməsini tələb etmək hüququ var və biz də bundan yararlanacağıq. Bir şərtlə ki, bunu konfransdan 20 gün əvvələdək edək. İndiki halda fevralın 20-dək bunu edə bilərik. Yığıncağın yekun gündəliyi isə tədbirə 10 gün qalmış, yəni martın 1-dək üzvlərə göndərilməlidi. Bura büdcə, fəaliyyət haqda hesabat və s. də daxildi.


- Amma deyəsən, üzvlərin fövqəladə hallarda növbədənkənar konfrans çağırmaq hüququ da var.
- Bunun üçün minimum 3 birbaşa üzvün istəyi kifayətdi. Belə bir tələb olduqda AFFA 45 gündən gec olmamaq şərti ilə növbədənkənar konfrans çağırmalıdı. Bunu etmədikdə üzvlərin beynəlxalq futbol qurumlarına şikayət etmək hüququ var.


- Bəs, İcraiyyə Komitəsinə namizədlər necə müəyyənləşir?
- AFFA-nın bütün üzvlərinin və dolayı üzvlərinin hər birinin İK-ya namizəd irəli sürməsi mümkündü. Onlar maksimum bir nəfərin namizədliyini verməli və bunu konfransa 15 gün qalmışadək etməlidi. Mandatın müddəti 4 ildi və hamının təkrar seçilmək hüququ var.


- Bəs prezident postu?
- Bu posta da hər bir üzv namizədini göstərə bilər. Eyni zamanda AFFA prezidentinin də öz namizədliyini növbəti dəfə irəli sürmək imkanı var. Amma o müəyyən tələblərə cavab verməlidi ki, bu da nizamnamənin 34.5-ci bəndində dəqiqliklə göstərilib. Seçim isə konfransın səlahiyyətinə daxildi və AFFA üzvlərinin mandat almış nümayəndələri tərəfindən seçilir.


- Üzvlükdən çıxarılma məsələsi də aktualdı. Çünki ötən müddətdə bir sıra hadisələr baş verib. Bəzi İK üzvləri futboldan uzaqlaşıb, eyni zamanda fəaliyyəti görünməyən AFFA üzvləri də var.
- Bununla bağlı da Nizamnamədə xüsusi bənd var. Üzv FİFA, UEFA və AFFA-nın nizamnamələrini, əsasnamələrini, direktivlərini və qərarlarını təkrar və ya ciddi şəkildə pozarsa, AFFA-nın əmlakına ciddi ziyan vuran və ya onun nüfuzuna xələl gətirən hərəkətlərə yol verərsə, AFFA daxilində təşkil olunmuş yarışlardan birində iştirak etməzsə, səs çoxluğu ilə üzvlükdən kənarlaşdırıla bilər. Ancaq hazırda buna səbəb ola biləcək bir olay yoxdu, bütün üzvlər təkrar seçilə bilər. Hətta mənim təklifim odur ki, İcraiyyə Komitəsinin tərkibi klubların hesabına genişləndirilsin, Premyer Liqa, eləcə də divizion komandaları daha çox yer alsın. Çünki bu gün ölkə futbolunun yükünü Peşəkar Futbol Liqası çəkir və bu quruma ayrılan 4 yerlik kvota çox azdı.


- Başqa təklifləriniz də olacaq?
- Konfransda müraciətim, tövsiyəm olacaq ki, yığıncaqda futbol akademiyaları ilə bağlı qərar qəbul edilsin və bu, formal xarakter daşımasın. Bu təklifləri baş katibliyə göndərəcəm. Ümumiyyətlə, konfrans bir sıra problemlərə baxmaq üçün əla şansdı. Hazırda demək olar, bütün ölkə klubları çıxılmaz vəziyyətdədi. Klubların dağılmaması, futbolçuların çarəsiz qalmaması üçün böhran vəziyyəti üçün işlək mexanizm tapılmalıdı. Gözləməməliyik ki, klublar maliyyəsizlik üzündən dağılsın. Məsələn, bu gün “Bakı”nın akademiyasında 303 uşaq futbolun sirlərini öyrənir. 35 nəfər milli komandalarımızın üzvü var. Hazırda akademiyamız çətin vəziyyətdədi. Azərbaycan futbolunun gələcəyi olan bu oyunçular konfrans iştirakçılarını, üzvləri maraqlandırmırsa, futbolun inkişafından danışmaq yersizdi. Üzvlər həmrəylik nümayiş etdirməlidi. Çünki bizim akademiyamızda baş verənlər digər klubları da gözləyir. “Bakı” vaxtında dəstəklənmədiyindən, belə problemlərin böyüməsinin qarşısı alınmadığından vəziyyət bu həddə çatıb. Vaxtında bu kimi durumlardan hamı bir yerdə, həmrəy şəkildə çıxış yolu axtarsaydı, digərlərinə də görk olardı, bu gün başqaları da eyni aqibəti yaşamazdı. Tövsiyələrimi AFFA-ya çatdıracam və konfransda müzakirəsini istəyəcəm. Bu uşaqlar artıq təkcə “Bakı”nın problemi deyil, onlar milli komandaların üzvləridi, gələcəyimizdi, deməli, həm də futbol başbilənlərimizin problemidi. Futbolumuzun gələcəyini düşünürüksə, hər cür infrastrukturu olan belə bir akademiyaya dəstək durulmalıdı. Ona görə futbolun siyasətini aparan adamlar xilas planı fikirləşməlidi. Akademiyadakı böhranlı vəziyyətlə bağlı AFFA rəhbərliyinə artıq məktub göndərmişəm. Əminəm ki, ölkə başçısının futbolun inkişafı ilə bağlı qoyduğu tapşırıq və tələblərin yerinə yetirilməsi naminə bu məsələyə diqqət yetirəcək, ölkədə gənc futbolçularla bağlı görülən işin ürəkaçan olmadığı bir vaxtda belə bir akademiyanın məhv olmaması üçün əməli iş görəcəklər (futbolinfo.az).

 

0