[b]“Neftçi” - “Xəzər Lənkəran”: Yenə 1:0, yenə qırmızı vərəqə?[/b]
12.02.2016 - 14:40
[b]“Neftçi” - “Xəzər Lənkəran”: Yenə 1:0, yenə qırmızı vərəqə?[/b]

“Neftçi” və “Xəzər Lənkəran” arasındakı oyunu 146 gündən sonra yenə Rəhim Həsənov idarə edəcək. Apasport.az saytının məlumatına görə, əzəli rəqiblərin V turun sentyabrın 20-də baş tutan görüşünün hakimi olan FİFA referisi sabah da eyni komandaları eyni məkana çıxaracaq.

 

8-ci km qəsəbə stadionundakı I dövrənin görüşündə komandalar hərəyə 1 qol vurub, 1 xal qazanmışdı. Həmin matçda “Neftçi”dən Elşən Abdullayev, Kaue da Silva, Antonio Quinta, “Xəzər Lənkəran”dan isə Orxan Sadıqlı, Kamran Abdullazadə və Elnur Cəfərovu sarı vərəqə ilə cəzalandıran Həsənov Adrian Skarlatakeni 56-cı dəqiqədə ikinci xəbərdarlığa görə meydandan qovmuşdu. 146 gün öncəki matç vurulmayan penalti ilə yadda qalıb. 5-ci dəqiqədə Araz Abdullayev qonaqları cəzalandıra bilməyib.

 

Ümumilikdə, referi “Neftçi”nin cari mövsümdə 3 oyununda ədaləti qoruyub. V turun matçından başqa “Qəbələ” ilə VIII və XVI turlardakı oyunlarda Həsənov 0:1 hesabı qeydə alınıb. İlk oyunda “Qəbələ”, II dövrədə “Neftçi” səfərdə 3 xal əldə edib. Bu matçlarda “Neftçi” 8, rəqibləri 1-i qırmızı olmaqla 13 vərəqə alıb.

 

Cənublular isə Həsənovla daha çox – 5 dəfə görüşüb. I turda “İnter”i məğlub edən (2:0) “ağ-yaşıllar” III turda “Rəvan”la bərabərə qalıb – 1:1. Əyalət klubu “Qəbələ”yə 6 (VIII tur), “Kəpəz”ə 1 (XVII tur) cavabsız qolla uduzub. Həmin oyunlarda lənkəranlılar 16, rəqibləri 19 vərəqə alsa da, cənublular 3 dəfə qırmızı vərəqəyə üzülüb. Yeganə penalti şansını dəyərləndirən “Xəzər Lənkəran” rəqibin belə zərbəsinin qeyri-dəqiqliyinə sevinib.

 

Cari mövsümdə 19-cu matçına çıxacaq FİFA hakimi ümumilikdə 104 vərəqə verib ki, bunların 49-u meydan sahiblərinin adına yazılıb. 6 qırmızı vərəqədən 5-i də onların futbolçularına göstərilib. Qonaqlar yeganə penalti şansını qaçırıbsa, meydan sahibləri 2 imkandan birindən yararlanıb.

 

Öz meydanında oynayan komandalar bu hakimin idarə etdiyi görüşlərdə 6 qələbə qazanıb, 8 heç-heçə edib və 4 dəfə uduzub. Bu qarşılaşmalarda birincilər 21, ikincilər 12 qol sevinci yaşayıb. Maraqlıdı ki, son 5 görüşün hər birinin taleyini 1 qol həll edib.

 

0