[b]Bakı və Quba Avro-2017-yə hazırlıqlara start verdi[/b]
13.02.2016 - 23:36
[b]Bakı və Quba Avro-2017-yə hazırlıqlara start verdi[/b]

Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Aleksandar Boriçiç və vitse-prezident Renato Arena Gürcüstandan sonra ölkəmizə səfər ediblər. Apasport.az saytının məlumatına görə, Gürcüstan və Azərbaycanın birlikdə keçirəcəyi Avro-2017 və digər məsələlər ilə əlaqədar olaraq paytaxtımızda qonaq olan CEV rəhbərliyi bu gün Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Azad Rəhimov və Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev, baş katib Elşən İsmayılovla görüşüblər.

 

Görüş zamanı tərəflər 2017-ci il də Avropa çempionatının keçirilməsi ilə əlaqədar olaraq aparılan hazırlıqlardan və federasiyada görülən və görüləcək işlərdən danışıblar.

 

Qonaqlar səfər zamanı paytaxtımızda olan voleybol arenalarına da baxış keçiriblər.

 

Sabah isə CEV və AVF rəhbərliyinin Qubaya səfəri nəzərdə tutulub.

 

Qeyd edək ki, Avro -2017-də Gürcüstanda cəmi 1 qrupun oyunları və 1/4 final matçları baş tutacaq. Digər 3 qrup - biri Quba, ikisi Bakıda olmaqla, Azərbaycanda mübarizə aparacaq. Çempionatın həlledici qarşılaşmaları – yarımfinal və final oyunları da paytaxtımızda gerçəkləşəcək. Faiq Qarayevin yetirmələrinin də qatılacağı yarışda 16 milli iştirak edəcək ki, onlardan da artıq 7-si məlumdu. Bunlar ev sahibləri ilə yanaşı, Avro-2015-in mükafatçıları – Rusiya, Hollandiya və Serbiya, həmçinin ilk “beşlik”də qərarlaşan Türkiyə və Almaniya yığmalarıdı. Seçmə mərhələdə isə 9 yer uğrunda 29 komanda mübarizə aparacaq. Yarışın sentyabr 1-dən oktyabrın 15-dək olan müddətdə keçirilməsi planlaşdırılır. Dəqiq tarix bu günlərdə məlum olacaq.

0