[b]Anyete: Artıq təslim oluram - MÜSAHİBƏ[/b]
14.02.2016 - 00:01
[b]Anyete: Artıq təslim oluram - MÜSAHİBƏ[/b]

Topaz Premyer Liqasının XXI turunda “Xəzər Lənkəran”la qarşılaşan “Neftçi” sona 3 dəqiqə qalmış vurulan qol sayəsində qələbə qazanıb. Qarşılaşmadakı yeganə qolun ötürməsini verən  “ağ-qaralar”ın hücumçusu Anyete oyundan sonra apasport.az saytının əməkdaşının da suallarınaı cavablandırıb.

 

- Oyunla bağlı fikrinizi bilmək istərdik...

- Oyun çətin alındı. Əslində, bunu gözləyirdik. Vacib olan odur ki, sonda 3 xalı biz qazandıq.

 

- Hakimin qərarlarını şərh edə bilərsiz?

- Referi ən azı iki epizodda xeyrimizə penalti verməli idi, amma o, bunu etmədi. Buna görə artıq referilər haqqında danışmaq istəmirəm. Artıq təslim oluram. Çünki danışmağın heç bir mənası, təsiri yoxdu.

 

- Bu dueli əvvəllər “Böyük oyun”adlandırırdılar. Bunu bilirdinizmi?

- Oyunun çəkisi üzərimizdə təzyiq yox, motivasiya yaratmışdı. Bu cür oyunlardan əvvəl nə gözlənildiyini anlayırsan. Buna görə də əlavə köklənməyə ehtiyac olur. Yenə deyirəm, bu matçın çempionatda xüsusi çəkisinin olması üzərimdə hansısa təzyiq yaratmamışdı.

 

- Xüsusi motivasiya üçün tribunaların da dolu olması vacibdi. Amma “Neftçi” hər zamankı kimi yenə boş tribunalar qarşısında oynadı. “Böyük oyun” və boş tirubuna – gülməli deyilmi?

- Deməzdim ki, tamamilə boş tribunalar qarşısında oynadıq. Əvvəlki oyunlarla müqayisədə canlanma var idi, azarkeş sayında artım hiss olunurdu. Əlavə köklənmə azarkeş amili ilə bitmir. Oyunun əhəmiyyəti bizi matça kökləyən vacib faktordu.

 

- Nikolas Kanales “Neftçi”yə geri döndü. Onu tanıyırdınızmı?

- Şəxsi tanışlığımız olmasa da, Kanalesin “Neftçi”yə gələcəyini eşitmişdim.

 

- Sizcə də onun dönüşü rəhbərliyin hücum xəttindən narazı qaldığı anlamına gəlmirmi?

- Əlbəttə, əgər hücumçu gətirilirsə, deməli ön xətdəki oyundan narazılıq var. Özümə gəldikdə, mən sırf hücumçu deyiləm. Bir qədər arxada oynayıram. Onun kimi forvardın gəlişi təbii ki, hücum xəttimizi gücləndirəcək.

 

- Kanalesin gəlişi heyətdə kiminsə ehtiyata yollanacağına səbəb olacaq. Bu, siz ola bilərsinizmi?

- Futboldu, hər şey ola bilər. Komanda olaraq mübarizə aparırıq. Eyni zamanda hər birimiz baş məşqçinin verəcəyi qərara hazır olmalı, anlayışla qarşılamalıyıq.

 

- Qarşıdan daha vacib oyun gəlir. Cari mövsümdə uduzmadığınız “Qarabağ”la dueldəki seriyanı davam etdirmək mümkün olacaqmı?

- “Qarabağ”ın təqdimata ehtiyacı yoxdu. Azərbaycanın ən yaxşı futbol oynayan komandasıdı. Əlimizdən gələni edəcəyik ki, bu seriyanı davam etdirək. 

0