[b]“Vaqifin yaxasını buraxsanız...” – Samir Abasov[/b]
14.02.2016 - 20:29
[b]“Vaqifin yaxasını buraxsanız...” – Samir Abasov[/b]

“Rəqibi təbrik edirəm. Bu gün oyunu müdafiədən qurduq. 5 arxa xətt oyunçusu ilə meydançaya çıxdıq. İlk yarıda əks-hücum taktikasından istifadə etmək istəyirdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abasov deyib.

 

Topaz Premyer Liqasının XXI turu çərçivəsində səfərdə “Qəbələ”yə məğlub olan “kimyaçılar”ın çalışdırıcısı matçdan sonra fikirlərini açıqlayıb: “Bilirdik ki, rəqibin cinah müdafiəçiləri tez-tez irəli çıxır və mərkəzdəkilər isə bir az ağır oynayır. Bu, 1-2 epizodda alındı. Təəssüf ki, son matçlarda qol şansları yaxalasaq da, istifadə edə bilmirik. Səbəbini də bilmirəm. “Qəbələ”ni təbrik edirəm, güclü komandadı. Belə şəraitdə oynamaq çox xoş idi. Həmişəki kimi “Sumqayıt”ın oyunu emosinal, aqressiv keçdi. Yaxşı oyun oldu. İndi əsas məqsədimiz futbolçulara motivasiya verib, gələn oyuna hazırlaşmaqdı. Artıq geriyə yolumuz yoxdu. 3 matçdı xalsızıq”.


- Vaqif Cavadovun əvəzlənməsi nə ilə bağlı idi?
- Rəqib hücumlara çıxmışdı və düşündük ki, Uğur Pamuk yeni nəfəs açar. İlk hissədə futbolçularıma güc düşmüşdü. Hiss etdik ki, Vaqif yorulub. Matçdan əvvəl də bunu hesablamışdıq. Onun əvəzlənməsi çıxışına görə yox, taktiki idi. 


- Vaqif sanki meydançadan narazı ayrıldı...
- Xeyr, mən görmədim. Vaqif də digər futbolçular kimi dəyər verdiyimiz oyunçularımızdandı. Ona inamımız var. Fikrimcə, ona vaxt lazımdı. Düşünürəm ki, Vaqifin yaxasını buraxsanız, siz də ona kömək etmiş olarsınız. O, bizə lazımlı oyunçudu.


- Bu gün start heyətində meydana buraxdığınız futbolçuların əksəriyyəti “Qəbələ”də çıxış etmiş oyunçular idi. 4 futbolçu var idi ki, əvvələr bu klubda oynayıb...
- Bu haqda düzü fikirləşməmişdim. Heyətimiz də elə geniş deyil ki, bunu düşünək, demək olar ki, bütün oyunlarda meydançaya çıxan uşaqları buraxmışdım. Zədələr olmasaydı, bu heyəti çoxdan qurmuşdum. İkinci hissədə Uğurun yeni nəfəs açacağını düşündüyümdən ehtiyatda saxlamışdım. Heç bu oyunçuların əvvələr “Qəbələ”də oynadığını da bilmirdim. Əsas odu ki, “Qəbələ”də mən oynamamışam.

 

(futbolinfo.az)

0