[b]Nazirlər Dövlət Proqramı ilə bağlı hesabat verdilər[/b]
02.03.2016 - 12:37
[b]Nazirlər Dövlət Proqramı ilə bağlı hesabat verdilər[/b]

Azərbaycanda “2009-2014-cü illərdə şahmatın inkişafı ilə bağlı Dövlət Proqramı”nın yekununa həsr olunmuş tədbir keçirilib. Apasport.az saytının məlumatına görə, tədbir ölkə şahmatının inkişafı ilə bağlı videoçarxla başlayıb.

 

Görüşdə iştirak edən Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov, gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Mikayıl Cabbarov 5 ildə görülən işləri dəyərləndiriblər.

 

Öncə çıxış edən Azad Rəhimov bildirib ki, ölkəmizdə ən çox sevilən və uğur əldə edilən idman növlərindən biri şahmatdı. O, azərbaycanlı zəka sahiblərinin keçdiyi yoldan danışaraq, burada mərhum prezident Heydər Əliyevin danılmaz rolunu qeyd edib. Nazir deyib ki, həmin dövrdə ölkəmizdə 40-a yaxın beynəlxalq şahmat yarışları keçirilib.


Mikayıl Cabbarovun sözlərinə görə isə şahmat yeganə idman növüdü ki, biz onu dövlət səviyyəsində fənn kimi tədris edirik. O, söyləyib ki, şahmatla məşğul olanların çox az bir hissəsi karyerasını idmançı kimi davam etdirir: “Digərləri müəyyən sahələrdə işləyirlər və bu, onların qərar vermələrində mühüm rol oynayır”.

 

Elman Rüstəmov isə bildirib ki, Azərbaycanda şahmatın tarixi köklərinin olması heç kimdə şübhə yaratmır. O, proqramda 4 əsas hədəfin olduğunu vurğulayıb: “Bu idman növündə kütləvilik yaratmaq, strukturun inkişafına nail olmaq, milli kadrların yetişdirilməsi və beynəlxalq arenada Azərbaycanın nüfuzunu artırmaq prosesi uğurla həyata keçirildi. Bütün bunlar diqqət mərkəzimizdə olub və olacaq da. Bu dövrdə Avropa çempionatının bütün mükafatlarını, xüsusilə də, qızıl medalını 2 dəfə Bakıya gətirdik. Bakıda bir sıra nüfuzlu yarışlar keçirmişik. Çində bu günlərdə keçirilən yarışda Rauf Məmmədovla Şəhriyar Məmmədyarovun qələbəsini xüsusi qeyd edərdim. Artıq FİDE də bizə böyük inam ifadə edir. Məqsədimiz bu uğurları bundan sonra da davam etdirməkdi”.

 

Gənclərdən ibarət yığmanın baş məşqçisi Fərid Abbasov Proqramın əhəmiyyətindən söz açaraq bildirib ki, ölkə şahmatında yeni səhifə açılıb. Azərbaycan millilərinin uğurları barədə danışan Abbasov bu illərdə gənclərə və yeniyetmələrə təkan verildiyini qeyd edib. O, məhz bu proqramın sayəsində yeni talantların üzə çıxdığını söyləyib: “Aşağı yaş qruplarında elə uşaqlar var ki, gələcəyin Teymuru, Şəhriyarı, Vüqarı ola bilərlər. Bizi harda görürlər, paxıllıq edirlər ki, sizin şəraitlə ancaq inkişaf etmək olar. Arzulayırıq ki, bu proqramın davamı olsun. Yüksək yerlərdəyik və daha da inkişaf edək”.

 

Hesabatda qeyd olunub ki, Proqram özünü tam doğruldub və Azərbaycan FİDE-yə daxil olan 180-ə yaxın ölkə arasında yeganə ölkədi ki, şahmatın inkişafı üçün xüsusi Dövlət Proqramı var. Əsas məqsədin qarşıdakı olimpiadada inamla çıxış etmək olduğu vurğulanıb.

 

0