[b]Eltac Səfərli: Onun iştirakını çox istəyirdim - MÜSAHİBƏ[/b]
30.03.2016 - 16:46
[b]Eltac Səfərli: Onun iştirakını çox istəyirdim - MÜSAHİBƏ[/b]

Azərbaycan çempionu Eltac Səfərli Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin mətbuat xidmətinə müsahibə verib. Apasport.az saytının məlumatına görə, yığmamızın da şərəfini qoruyan qrossmeyster qızıl medalı necə qazanmasından və Olimpiadadan danışıb.

 

- Karyeranızda növbəti dəfə Azərbaycan çempionu oldunuz. Bu ilki çempionatı əvvəlkilərdən necə fərqləndirərsiniz..

- Son tur ərəfəsində artıq çempionluğu təmin etmişdim. Amma bu, yarışın asan keçdiyini söyləməyə imkan vermir. Əvvəlki illərdən fərqli, ölkə çempionatı daha böyük rəqabətlə yadda qaldı. Gənc nəsil yaxşı mənada özünü göstərə bildi. Bu amil məni çox sevindirir. Gənc şahmatçılar rəqibdən asılı olmayaraq, hər bir partiyada sona qədər mübarizə aparırdı.

 

- Ötən ilki çempion Rauf Məmmədov bu dəfə turnirdə iştirak etmədi. Bu mənada onun yoxluğu çempionluq yolunu bir qədər asanlaşdırdı?

- Rauf çox güclü şahmatçıdı. Onun yarışda iştirak etməsini çox istəyirdim. Amma müəyyən səbəblərdən çempionata qatılmadı. Bununla belə, biz çox maraqlı çempionatın şahidi olduq. Turnirdə kifayət qədər yaxşı şahmatçılar mübarizə apardı. Bəlkə kənardan çempionluğun asan başa gəldiyini düşünmək olar, əslində isə bu belə deyil.

 

- Hansı tur sizin üçün ən çətin oldu?

- Hər bir partiya çətin idi. Məsələn, Nail Bəşirliylə oyunum çox maraqlı oldu. Gənc şahmatçı çempionata yaxşı hazırlaşdığını göstərdi. Bildiyiniz kimi, bu il Şahmat Olimpiadası Bakıda təşkil olunacaq. Buna görə həm kişilər, həm də qadınlar arasında 3 komandayla təmsil olunmaq imkanımız var. Çempionat ölkədə kifayət qədər perspektivli gənclərin olduğunu göstərdi.

 

- Ümumiyyətlə, 2016-cı ildə iştirak etdiyiniz yarışları necə qiymətləndirirsiz?

- Nüfuzlu Veyk-An-Zee turnirinin “B” yarışında çıxışımı normal hesab edirəm. İkinci yeri tutmaq yaxşı nəticədi. Təəssüf ki, “Aeroflot Open”də iştirakım istədiyim kimi olmadı. Növbəti turnirlərdə layiqincə çıxış etmək üçün çalışmalıyam. Apreldə “Dubay Open”ə yollanacam. Mayda Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr olunan beynəlxalq turnir olacaq. Ölkə çempionu kimi həmin yarışa vəsiqə qazanmışam. İlin sonunda isə Bakıda Şahmat Olimpiadası keçiriləcək. Həmin yarış hər bir şahmatçı üçün xüsusilə böyük əhəmiyyət kəsb edir.

 

- Bakıda təşkil olunacaq Ümumdünya Şahmat Olimpiadasıyla bağlı fikirlərini bilmək istərdik.

- Müxtəlif yarışlarda Azərbaycan yığmasının şərəfini qorumuşam. Hər zaman arzulamışıq ki, şahmat üzrə ən mötəbər yarış olan olimpiada doğma şəhərimizdə olsun. Sözsüz ki, mötəbər yarışın Bakıda keçirilməsi məsuliyyətimizi artırır. Komanda olaraq bu yarışda uğurlu çıxış etmək üçün çox çalışmalıyıq.

 

- Kişi şahmatçılardan ibarət Azərbaycan yığmasının Olimpiadada şanslarını necə qiymətləndirirsən?

- Azərbaycan millisi iki dəfə Avropa çempionatının qalibi olub. Kifayət qədər təcrübəmiz var. Komanda kimi mübarizə aparmalıyıq. Sözsüz ki, şahmat olimpiadası qitə birinciliyindən fərqlənir. İki il əvvəl Norveçdə medal qazanmağa yaxın olmuşduq. Bakıda mükafatçılar sırasına düşmək uğrunda mübarizə aparmalıyıq.

 

- Hansı komandaları Azərbaycan millisinin əsas rəqibləri hesab etmək olar?

- Şahmat Olimpiadasında zəif rəqib olmayacaq. Rusiya, ABŞ, Çin, eləcə də, digər komandalar medallar uğrunda yarışacaq. Olimpiadada hər bir rəqibə qarşı ciddi hazırlaşmaq vacibdi. Dünya çempionu Maqnus Karlsen də Bakıya gələcək. Onun iştirakı Norveç yığmasını gücləndirəcək.

 

- Hazırda dünya şahmatçılarının sıralamasında 2663 reytinq əmsalın var. Reytinqindən razısan?

- 2016-cı ildəki yarışlarda reytinqimi artırmalıyam. Ola bilər, 2016-cı ildə buna nail olmayım. Amma tezliklə reytinqimi 2700-ə çatdırmaq istəyirəm. Buna görə ciddi hazırlaşacam. Azərbaycan çempionatında və ümumiyyətlə son yarışlarda hər zaman mənə dəstək olan beynəlxalq qrossmeyster Cahangir Ağarəhimovu qeyd etmək istərdim. Ölkə çempionatında uğur qazanmağımda onun da rolu az deyil. 

0