[b]Azərbaycan prezidenti Beynəlxalq Ağır Atletika Federasiyasının rəhbərini qəbul edib[/b]
05.04.2016 - 15:10
[b]Azərbaycan prezidenti Beynəlxalq Ağır Atletika Federasiyasının rəhbərini qəbul edib[/b]

Azərbaycan prezidenti İlham Əliyev Beynəlxalq Ağır Atletika Federasiyasının prezidenti Tomaş Ayanı qəbul edib. APA-nın məlumatına görə, ölkəmizdə və paytaxt Bakıda gedən inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını deyən T. Ayan ötən səfərindən keçən iki il müddətində şəhərimizin daha da gözəlləşdiyinin şahidi olduğunu bildirib.

 

Azərbaycanın artıq mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edən bir məkana çevrildiyini qeyd edən qonaq bu münasibətlə təbriklərini çatdırıb. T. Ayan ötən il Bakıda birinci Avropa Oyunlarının ən yüksək səviyyədə keçirildiyini vurğulayıb. Bu ilin iyun ayında isə Bakının Formula 1 yarışlarına ev sahibliyi etməsinin əhəmiyyətinə toxunan T. Ayan bu yarışın bütün dünyada böyük maraqla izlənildiyini deyib, yarışları izləmək üçün Bakıya Avropa ölkələrindən çoxlu sayda turistlərin gələcəyini qeyd edib.

 

Dövlət başçısı isə Formula 1 yarışlarının böyük marağa səbəb olacağına əminliyini ifadə edib, bu məqsədlə ölkəmizə çoxlu sayda turistlərin gələcəyinə ümidvar olduğunu deyib.

 

Görüşdə Azərbaycanda idmanın ayrı-ayrı növlərinin, o cümlədən ağır atletikanın inkişafına dövlət səviyyəsində diqqət göstərilməsinin əhəmiyyəti vurğulandı, ölkəmizin idman sahəsində beynəlxalq əməkdaşlıq işinə böyük töhfələr verdiyi qeyd olunub.

0