[b]Yığmamızın “oduna yanan” Kostova Rioya aparılmaya bilər[/b]
18.04.2016 - 11:23
[b]Yığmamızın “oduna yanan” Kostova Rioya aparılmaya bilər[/b]

Dünya çempionumuz Boyanka Kostovanın yayda Rio-de-Janeyroda təşkil olunacaq Yay Olimpiya Oyunlarına yollanması sual altına düşüb. Apasport.az saytının məlumatına görə, buna səbəb qadınlardan ibarət millimizin Norveçin Fyorde şəhərində keçirilən Avropa çempionatında zəif çıxışıdı.

 

Reqlamentə əsasən, ümumi komanda hesabında yekun siyahıda 1-6-cı yerdə qərarlaşan Böyük Britaniya (101 xal), İtaliya (98), Fransa, Polşa (hər ikisi 95), Almaniya (89) və İspaniya (85) hərəsi Braziliyada təşkil olunacaq Olimpiadaya 1 lisenziya qazanıb. Azərbaycan isə 74 xalla 9-cu yeri tutduğundan bu hüquqa yiyələnə bilməyib.

 

Ölkəmizin aktivinə podiuma çıxan atletlərin hamısı - Mərziyyə Məhərrəmova (20 xal), Gülçin Əlizadə (12), Boyanka Kostova (28) və Elnurə Abbasova (14) xal yazdırıb. Çempion olan Kostovadan fərqli, digərlərinin fərqlənməsi heç də öz nəticələri ilə bağlı deyil. Çünki Olimpiadaya dünya çempionatından lisenziya qazanmış ölkələrin atletlərinin nəticələrinə xal verilmədiyindən təmsilçilərimiz irəli keçib. Digər 3 çəkidə idmançımız olmadığından komandamızı 6-cı yerdən 11 xal ayırıb. Bu, Rioya xanım atletimizin lisenziya qazanmasına mane olub.

 

Lakin dünya çempionatında rekord vurmaqla, qalib adını qazanan Kostova Olimpiadaya yollanmaq şansını tam itirməyib. Mundialla yanaşı, Avropa çempionatında da bütün rəqiblərini qabaqlayan bolqarıstanlı legionerimizə “wild card”ın verilməsi gözlənilir. Yekun qərarın aprelin sonunda və ya mayın əvvəlində verilməsi planlaşdırılır. Çünki Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının 12-ci yerə kimi qərarlaşan ölkələrə güzəştli vəsiqə vermək hüququ var.

 

Qeyd edək ki, kişilərdən ibarət yığmamız dünya çempionatında 4 lisenziya qazandığından Avropa çempionatında vəsiqələr uğrunda mübarizə aparmayıb. 

0