[b]Azərbaycan yığmasının "meldoni qorxusu" və ya gecikən məktub[/b]
18.04.2016 - 16:46
[b]Azərbaycan yığmasının "meldoni qorxusu" və ya gecikən məktub[/b]

“Avropa çempionatında Azərbaycan yığmasının nəticələri çox zəif oldu. Halbuki, bütün komandalar Norveçə əsas heyətlə yollanmamışdılar. Çünki qitənin ən güclü ölkələri dünya çempionatında öz nəticələrini göstərib, lisenziyalarını almışdılar”. Bunu apasport.az saytına ağırlıqqaldırma üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Vahid Nəzərov deyib.

 

Təcrübəli mütəxəssis yığmamızın Avropa çempionatındakı çıxışını dəyərləndirib. Norveçin Fyorde şəhərində baş tutan yarışın Münsiflər Heyətində yer almış Nəzərov vurğulayıb ki, komandamız daha yaxşı çıxış edə bilərdi.

 

O, çempionat üçün ilkin siyahıda 12 nəfərlik heyətin açıqlanmasına və ardından Fyordedə 8 idmançı ilə təmsil olunmağımıza da aydınlıq gətirib. Sabiq baş məşqçinin sözlərinə görə, bəzi idmançılarımızın qanında istifadəsi qadağan olunmuş preparat aşkarlanmasından ehtiyat edildiyi üçün belə addım atılıb: “Bu səbəbdən onları yarışa çatdıra bilmədik. Söhbət hansısa başqa preparatdan deyil, bu ilin əvvəlindən istifadəsinə icazə verilməyən meldonidən gedir. Çünki bu barədə qərar sonradan verilib”.

 

Nəzərov dopinq qəbulunda şübhəli bilinən 6 atletimizlə bağlı qərarın yaxın  günlərdə veriləcəyini də deyib. O bildirib ki, Silviya Angelova (48 kq), Valentin Xristov (62 kq), Firudin Quliyev (69 kq), Elxan Əliquluzadə (77 kq), İntiqam Zairov (94 kq) və Dadaş Dadaşbəyli (105 kq) dünya çempionatındakı iştirakdan sonra A testindən keçə bilməsə də, hələlik hansısa cəzadan söhbət getmir və komandamız qazandığı 4 lisenziyanı aktivində saxlayır: “Cəza hələ elan olunmayıb. Aprelin sonuna və ya mayın əvvəlinə kimi yekun qərar qəbul olmalıdı. Bütün bunlar Beynəlxalq Ağırlıqqaldırma Federasiyası tərəfindən araşdırılır. Ola bilsin ki, həmin maddələr idmançılarımızın orqanizminə qida və ya hansısa vasitə ilə keçib. Bu səbəbdən bəraət almağımız da mümkündü. Həmçinin, Avropa çempionatında kişilərdən ibarət yığmamızın nəticəsi lisenziya siyahısına daxil edilməyib. Bu da ondan irəli gəlir ki, aktivimizdə dünya çempionatından qazandığımız 4 lisenziya var”.

 

Fyordedə çempionat zamanı Avropa Ağırlıqqaldırma Federasiyasının Konqresi və Hesabat-Seçki Konfransı da keçirilib. Nəzərov bildirib ki, namizədlik məktubu gecikməsəydi, Texniki Komitədə yer almaq üçün namizədliyini veribmiş: “Antonio Urso yenidən federasiyanın prezidenti, Həsən Akkuş baş katibi seçildi. Mən də Texniki Komitəyə öz namizədliyimi vermişdim. Lakin məktub oraya gec göndərildiyi üçün qəbul edilməmişdi”. 

0