[b]“Norveçdə öz gücümüzü bilərəkdən göstərmədik” – Nizami Paşayev[/b]
19.04.2016 - 11:43
[b]“Norveçdə öz gücümüzü bilərəkdən göstərmədik” – Nizami Paşayev[/b]

“Yığmamızın heyətində Boyanka Kostova çempion adını qazandı, Elmar Alıyev təkanla qaldırmada bürünc medala layıq görüldü. Bu səbəbdən də komandamızın Avropa çempionatındakı çıxışını normal sayıram.” Bunu apasport.az saytına açıqlamasında ağırlıqqaldırma üzrə Azərbaycan millisinin baş məşqçisi Nizami Paşayev deyib.

 

Norveçin Fyorde şəhərində keçirilən Avropa çempionatında yetirmələrinin iştirakını dəyərləndirən Paşayevin sözlərinə görə, yarışa 8 atletlə qatılan yığmamız lazımı nəticəni qazanıb: “Biz Avropa çempionatında öz gücümüzü bilərəkdən göstərmədik. Hər birimiz üçün vacib olan Rio Olimpiadasıdı. Fyordedə komandamızın bəzi üzvlərinin körpücük üzərinə çıxmamağına gəlincə, heyəti mən açıqlamışamsa, həmin atletləri də səfərə aparmışam. Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının saytında, yarışın rəsmi səhifəsində idmançıların adı ola bilər. Amma heyəti mən müəyyənləşdirmişəmsə, bundan sonra kiməsə açıqlama verməmişəm”.

 

Qadınlardan ibarət milli komandamız Avropa çempionatında Rio üçün 1 lisenziya hədəfləsə də, yekunda bunun rəsmiləşməsi üçün “altılıq”da yer ala bilməyib. Lakin Paşayev Avropa və dünya çempionumuz Boyanka Kostovanın Olimpiadaya yollanacağını bildirib: “O, yüz faiz Olimpiya Oyunlarında iştirak edəcək. Çünki bu çəki dərəcəsində Kostova liderdi. Avropa çempionatında da mütləq qalib adını qazandı və ona “wild card” veriləcək. Təxminən aprelin sonu və ya mayın əvvəli iştirakı rəsmiləşəcək”.

 

Baş məşqçinin sözlərinə görə, dopinq qalmaqalı ilə üzləşən kişilərdən ibarət yığmamızla bağlı yekun qərar da tezliklə açıqlanacaq. O bildirib ki, dünya çempionatında 4 lisenziya qazanan komandamızın Olimpiadadan kənar qalması inandırıcı deyil: “Bununla bağlı danışıqlar gedir. B probunun verilməsi və digər məsələlərlə bağlı ətraflı məlumatım yoxdu. Bütün bunlarla Beynəlxalq Ağırlıqqaldırma Federasiyası məşğuldu. Fikrimcə, mayın birinci yarısına kimi dəqiq açıqlama olacaq”.

 

Qeyd edək ki, dünya çempionatı ərəfəsində Silviya Angelova (48 kq), Valentin Xristov (62 kq), Firudin Quliyev (69 kq), Elxan Əliquluzadə (77 kq), İntiqam Zairov (94 kq) və Dadaş Dadaşbəylidən (105 kq) götürülən dopinq-test müsbət nəticələnib. Lakin onların B testinin cavabı hələ açıqlanmayıb. 

0