[b]AVRO-2016-nı buraxacaq “onluq"[/b]
22.04.2016 - 16:47
[b]AVRO-2016-nı buraxacaq “onluq"[/b]

Son vaxtlar əla formada olan “Liverpul”un hücumçusu Divok Oriqinin Premyer Liqanın ötən turunda “Everton”la qarşılaşmada zədələnməsi Belçika millisinin planlarını pozub. Apasport.az saytı xəbər verir ki, mövsümü qapayan gənc forvardın yayda keçiriləcək Avropa çempionatını da buraxmaq ehtimalı yüksəkdi.

 

Bundan başqa, Cordan Henderson (İngiltərə), Əmrə Can, Bastian Şvaynştayger (hər ikisi Almaniya) və Deyan Lovren (Xorvatiya) kimi məşhur simaların da Fransadakı qitə birinciliyində iştirakı sual altındadı.

 

Onlardan fərqli, bəzi futbolçuların bu turniri buraxacaqları artıq dəqiqdi.  

 

Klaudio Markizio (İtaliya)

“Yuventus”un və İtaliya yığmasının aparıcı yarımmüdafiəçisi A seriyasında “Palermo” ilə qarşılaşmada dizindən zədələnmişdi. Cərrahiyyə əməliyyatı keçirən 30 yaşlı futbolçu 6 ay yaşıl meydanlardan uzaq qalacaq. 4 il öncəki Avropa çempionatının finalında meydana çıxan Markizio bu dəfə qitə birinciliyini televiziyadan izləməli olacaq.

 

Fabio Koentrao (Portuqaliya)

Sol cinah müdafiəçisinin karyerasında son vaxtlar eniş müşahidə olunur. “Real”da əsas heyətdə möhkəmlənə bilməyən Koentraonun “Mançester Yunayted”ə keçidi məhz tez-tez zədələndiyi üçün baş tutmamışdı. Cari mövsümü icarə əsasında “Monako”da keçirən 28 yaşlı oyunçu məhz zədələr ucbatından az oynamaq şansı əldə etdi. Bu ay məşqlərin birində ayağından xəsarət alan Fabio AVRO-2016-ya yollana bilməyəcək. Maraqlıdı ki, o, son dünya çempionatına yollansa da, Portuqaliya yığmasının ilk oyunundaca zədələnərək geri dönməli olmuşdu.

 

Kurt Zuma (Fransa)

Mövsümə əla start götürən gənc futbolçu “Çelsi”də Qari Keyhilli ehtiyata atmış və müdafiənin mərkəzinin əvəzedilməz üzvünə çevrilmişdi. Güclü fiziki göstəriciləri ilə diqqət çəkən Zumanın dizindən ciddi xəsarət alması onun öz ölkəsində keçiriləcək Avropa çempionatını buraxmasına səbəb olub.

 

Kris Brant (Şimali İrlandiya)

Zumanın gələcək karyerası ərzində Avropa çempionatına qatılmaq imkanı olsa da, Brant bir daha bu şansı əldə edə bilməyəcək. Çünki “Vest Bromviç”in yarımmüdafiəçisinin artıq 31 yaşı var və üstəlik, Şimali İrlandiya yığması tarixi ərzində ilk dəfə qitə birinciliyinə qatılacaq. Brant isə ölkəsi üçün tarixi əhəmiyyət daşıyan turnirdə iştirak edə bilməyəcək.

 

Alan Djadj (İrlandiya)

Siz bu yarımmüdafiəçi haqda geniş məlumata sahib olmasanız da, Djadjın arzusu həyata keçəcəkdi. “Brentford”un heyətində “Çempionşip”də uğurlu mövsüm keçirən (14 qol, 11 assist) futbolçu millisində mart ayında debüt etmişdi. Aprel ayında isə “İpsviç”lə qarşılaşmada hər iki ayağı qırılıb. Halbuki 27 yaşlı oyunçu karyerasının zirvəsində sayılırdı.

 

Mattia Perin (İtaliya)

İngiltərənin “The Telegraph” nəşrinin dünyanın ən güclü 4-cü qapıçısı adlandırdığı Perin DÇ-2014-ə İtaliyanın heyətində 3-cü qapıçı kimi yollanmışdı. AVRO-2016-ya da elə həmin ampluada qatılacaqdı. Ancaq dizindən zədələnməsi buna imkan vermədi. Buna baxmayaraq, “Cenoa”nın qolkiperinin gələcəkdə belə böyük turnirlərdə oynamaq imkanı olacaq.

 

Cek Batlend (İngiltərə)

İstedadlı gənc qapıçı sayılan Batlend “Stok Siti”dəki ilk mövsümündəki çıxışı ilə yığmanın əsas qolkiperi Co Hartı layiqincə əvəzləməyə hazır olduğunu göstərmişdi. Lakin Almaniya yığması ilə yoldaşlıq görüşündə biləyindən ağır zədə alması onun qitə birinciliyinə yollanmaq arzusunu ürəyində qoydu.

 

Rob Elliot (İrlandiya)

İrlandiyanın əsas qapıçısı Tim Krulun oktyabrda zədələnərək mövsümün sonuna kimi sıradan çıxması Elliota “Nyukasl”ın əsas heyətində oynamaq imkanı yaratmışdı. “Sağsağanlar”ın heyətində özünü yaxşı tərəfdən göstərən Rob İrlandiya yığmasının əsas qapıçısı olmağa iddialı idi. Lakin dizindən zədələnməsi onun planlarını korladı.

 

Danni (Portuqaliya)

“Zenit”in aparıcı oyunçusu bu yaxınlarda Moskva “Spartak”ı ilə matçda dizindən ağır zədə alaraq, sıradan çıxdı. Bu, Danninin karyerası ərzində 3-cü belə zədə oldu. Analoji səbəbdən AVRO-2012-ni buraxan yarımmüdafiəçi yayda keçiriləcək qitə birinciliyinə də qatıla bilməyəcək.

 

Kərim Benzema (Fransa)

Komanda yoldaşı Matyu Valbuenanı şantaj etməkdə günahlandırılan “Real”ın hücumçusu məhz bu səbəbdən bir müddətdi Fransa yığmasına çağırılmır. “Xoruzlar”ın baş məşqçisi Didye Deşam ulduz futbolçunun öz ölkələrində keçiriləcək turnirə dəvət edilməyəcəyini açıqlayıb.

0