[b]AÇ-2016: “Doktor” və komandası[/b]
26.04.2016 - 12:42
[b]AÇ-2016: “Doktor” və komandası[/b]

Fransada keçiriləcək Avropa çempionatının startına 45 gün qalıb. Apasport.az saytı qitənin ən nüfuzlu turnirinin iştirakçılarının təqdimatını davam etdirir. Bu həftə oxucularını A qrupunun komandaları ilə tanış edirik. Bu qrupa II səbətdən düşən İsveçrə yığmasına nəzər salaq.

 

Tarixində 4-cü dəfə Avropa çempionatının final mərhələsinə yüksələn İsveçrə Fransa stadionlarında ilkə imza atmağa çalışacaq. Əvvəlki üç cəhddə qrupda qalan mərkəzi avropalılar bu dəfə tilsimi qırmaq əzmindədi. İlk dəfə 1996-cı ildə həlledici raunda yüksələn isveçrəlilər həm onda, həm də 2004-cü ildə yarışı qələbəsiz və qrup sonuncusu kimi tərk  edib. Final mərhələsində yeganə qələbəsi 2008-ci ilə təsadüf edən yığma 3-cü pillə ilə turnirə “əlvida” deyib.

 

AÇ-2012-dən kənar qalan İsveçrə qayıdışını 1/8 finala çıxmaqla qeyd edə bilər. Çünki Fransanın favorit olduğu qrupda Rumıniya və Albaniyanı onların dişinə görə rəqib hesab etmək mümkündü.

 

2 ildi İsveçrə yığmasını çalışdıran Vladimir Petkoviç komandasını eyni taktiki sxemdən istifadə etməməyə uyğunlaşdırıb. Belə ki, 4-3-3, 4-3-1-2 və 4-2-3-1-i növbəylə sınaqdan keçirən bosniyalı çalışdırıcı Fransada da rəqibə uyğun manevr etmək imkanına malikdi. “Latsio”dakı fəaliyyətindən də tanınan “Doktor” ləqəbli çalışdırıcı DÇ-2014-də Fransa, Ekvador və Hondurasla eyni qrupdan çıxmağı bacaran komanda ilə ən azı eyni uğuru təkrarlamalıdı. Həmin vaxt Lionel Messili Argentinaya yalnız əlavə vaxtda uduzan Avropa ortababı Petkoviçlə yollandığı ilk final mərhələsinə də böyük ümidlər bəsləyir.

 

Məşqçilik fəaliyyətinə İsveçrədə başlayıb, “Syon” və “Yanq Boyz”da da çalışmaqla 5 il bu ölkədə işləmiş bosniyalı yığma üzvlərini də çox yaxşı tanıyır. Bu amil DÇ-2014-dən sonra Ottmar Hitsfeldi əvəzləyən çalışdırıcının işinə yarayıb. Heyətdə heç bir islahat aparmayan mütəxəssis seçmə mərhələyə İngiltərə və Sloveniya məğlubiyyətləri ilə başlamağa üzülsə də, komandasını toparlaya bilib. Nəticədə ardıcıl 7 qələbə ilə Fransaya vəsiqə qazanan “qırmızılar” son matçda futbolun yaradıcılarına uduzub.

 

İsveçrə millisi seçmə mərhələdə məhsuldarlığı ilə də çoxlarını təəccübləndirib. Daim müdafiəmeylli oyunçuları ilə tanınan yığma Sloveniya ilə həlledici xarakterə malik görüşdə də 0:2-dən geridönüş edə bilib. Amma əksər üzvləri qol vuran millinin bombardiri yoxdu. Aleksander Fray karyerasını bitirəndən sonra isveçrəlilər yaxşı hücumçu axtarışını yekunlaşdıra bilmir. Bunun nəticəsidi ki, oyun qurucusu olan Cerdan Şakiri seçmə oyunlarda komandasının ən məhsuldar üzvü olub.

 

Ön xətdə Haris Seferoviçə güvənən, Ərən Derdiyoku da milliyə qaytaran Petkoviç istəyinə çatmayıb. Yosip Drmiç isə həmişəki kimi sonradan meydana daxil olan hücumçu funksiyasını yerinə yetirməkdədi. Admir Mehmedi isə həm hücum, həm yarımmüdafiənin solunda oynamağı bacarır. Solda oyunçu qıtlığı olması isə Admiri burada faydalı edir. Çünki Şakiri daha çox hücumçuların arxasında qərarlaşır. Elə İsveçrə yığmasının əsas ümidləri də məhz onunla bağlıdı. O, ən məhsuldar oyunçu olmaqla yanaşı, həm də standartların ifaçısıdı. Əslində, komandanın oyun üslubu da bundan ibarətdi ki, künc və cərimə zərbələrindən sonra başla yaxşı oynayan müdafiəçilər rəqib qapısına təhlükə yaratsın. Özü də bu standartları təkcə Cerdan deyil, başqaları da lazımi səviyyədə icra edir.

 

Ən güclü xətti müdafiə olan “xaçlılar”ın Bundesliqa təcrübəsi olan oyunçuları istənilən rəqib üçün keçilməz sədd qura bilir. Komandanın əsas lideri isə Ştefan Lixştaynerdi. Onun kimi Rikardo Rodriges də həm yığma, həm klubunda aparıcı simadı. Mərkəz müdafiəçiləri Yohan Curu və Fabian Şer də Almaniya çempionatında sözünü deyə bilən arxa xətt oyunçularıdı. Bütün bunlar isə isveçrəliləri nəinki qrup ikinciliyinə ümid etməyə, hətta meydan sahiblərini təəccübləndirmək iddiası üçün də əsas verir.

 

Son iki yoxlama oyununda İrlandiyaya 0:1, Bosniya və Herseqovinaya 0:2 hesabı ilə uduzan Petkoviçin komandası bu uğursuzluqları AÇ-də unutdurmalıdı. Son qələbəsini ötən ilin noyabrında Avstriya ilə matçda (2:1) əldə edən “Doktor”un yetirmələri gələn tarixi uğura köklənib.

 

FİFA reytinqində: 14-cü yer

Ləqəbi: Şveyzer Nati

İlk oyun: Fransa – 0:1 (1905)

Ən böyükhesablı qələbə: Litva – 9:0 (1924)

Ən böyükhesablı məğlubiyyət: Macarıstan – 0:9 (1911)

Titulları: yodur

Ən çox oyun: Hayns Herman (138)

Ən çox qol: Aleksander Fray (44)

Final mərhələsinə yolu: E qrupunda II yer: 7 qələbə, 3 məğlubiyyət, top fərqi 24-8, 21 xal

İngiltərə - 0:2, 0:2*        

Sloveniya – 3:2, 0:1

Estoniya – 3:0, 1:0

Litva – 4:0, 2:1

San-Marino – 7:0, 4:0

* - əvvəl ev, sonra səfər oyunu

Əvvəlki Avropa çempionatlarında:

1960 – final mərhələsinə yüksələ bilməyib

1964 – final mərhələsinə yüksələ bilməyib

1968 – final mərhələsinə yüksələ bilməyib

1972 – final mərhələsinə yüksələ bilməyib

1976 – final mərhələsinə yüksələ bilməyib

1980 – final mərhələsinə yüksələ bilməyib

1984 – final mərhələsinə yüksələ bilməyib

1988 – final mərhələsinə yüksələ bilməyib

1992 – final mərhələsinə yüksələ bilməyib

1996 – Qrup mərhələsi

2000 – final mərhələsinə yüksələ bilməyib

2004 – Qrup mərhələsi

2008 – Qrup mərhələsi

2012 – final mərhələsinə yüksələ bilməyib

Baş məşqçi: Vladimir Petkoviç

Kapitan: Ştefan Lixştayner

AVRO-2016-da oyunları:

11 iyun. 17:00. Albaniya – İsveçrə

15 iyun. 20:00. Rumıniya – İsveçrə

19 iyun. 23:00. İsveçrə - Fransa

 

 

 

 

0