[b]“...milli komanda kənardan gələnlərdən ibarət olacaq” - MÜSAHİBƏ[/b]
26.04.2016 - 15:07
[b]“...milli komanda kənardan gələnlərdən ibarət olacaq” - MÜSAHİBƏ[/b]

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Təbriz Həsənovun apasport.az saytına müsahibəsi

 

- Öncə Avropa çempionatına hazırlığın gedişi ilə bağlı məlumat verərdiniz...

- Aprelin 18-dən bəri gündə iki dəfə olmaqla məşqlərimizi davam etdiririk. Əsasən komandanın fiziki funksional hazırlığını yüksəltməyə çalışdıq. Bu bir həftə ərzində iki yoxlama görüşü keçirdik. U-19 millimizlə və “Qarabağ”ın əvəzedici heyəti ilə qarşılaşdıq. Sonra uşaqlar bir gün dincəldilər, tam bərpa oldular. Artıq komandanın taktiki planı üzərində çalışırıq.

 

- Futbolçuların hazırlıq durumu ürəyinizcədimi?

- Mənə elə gəlir ki, mayın 5-nə, yəni Avropa çempionatının startına qədər tam hazır olacağıq. Elə oyunçu oldu ki, komandaya gec qoşuldu, zədəlimiz oldu. Belə ümumi götürsək, komandanın 70-80 faizi turnirə hazırdı.

 

- Heyətlə bağlı nə kimi problemlər yaşayırsız?

- Yalnız mərkəz müdafiəçimiz Hüseyin Seyidli zədəlidi. Hazırda həkimlərin nəzarəti altında yüngül məşqlər edir. Həkimlərin dediyinə görə, onun aprelin 30-dək sağalmaq ehtimalı böyükdü.

 

- Ölkə xaricindən daha 3 futbolçunun gəlişi gözlənilirdi. Onlarla bağlı planlarınız nələrdi?

- Gəliblər, hazırda komanda ilə birlikdədilər. Biri Almaniyada, ikisi isə Türkiyədə çıxış edir. Amma həmin oyunçularla bağlı hələ qərar verməmişəm.

 

- Yığmaya çox əcnəbi futbolçunun çağırılması birmənalı qarşılanmır. Bir baş məşqçi kimi, iradlara cavabınız necədi?

- Hər şey ehtiyacdan qaynaqlanır. Mən əvvəllər də U-17 yığmamızda çalışmışam. 1995-ci il təvəllüdlü futbolçularla da işləmişəm. Həmin vaxt kənardan kimisə gətirməyə ehtiyac yox idi. Çünki güclü heyətə malik idik. Namiq Ələsgərov, Coşqun Diniyev kimi futbolçularımız var idi. İndi kənardan gətirdiyimiz futbolçuların da hamısının Azərbaycanla bağlılığı var.

 

- Belə çıxır ki, son illər futbolçu yetişdirməkdə problem yaşayırıq?

- Bilirsiniz, bu gün komanda final mərhələsinə hazırlaşır. Bu da Azərbaycan üçün bir ilkdi. İndiyə qədər ən yaxşı halda elit-raundda çıxış etmişik. Buna görə də istəyirik heyətimiz daha güclü olsun. Amma bu, o demək deyil ki, milli komanda kənardan gələnlərdən ibarət olacaq. Onlara hələ baxırıq. Hazırda heyətdə 23-24 futbolçu var və onlar arasında seçim edib 18-ni saxlayacağıq. Hər bir futbolçu özünü yaxşı tərəfdən göstərməyə çalışmalıdı ki, “18-liy”ə düşsün.

 

- Ölkəmizdə keçiriləcək Avropa çempionatı öncəsi qrupumuzdakı rəqiblər də heyətlərini açıqlayıblar. Yəqin ki, onları təhlil etmisiniz...

- Püşk atılandan bəri rəqibləri izləyirik. Onların seçmə mərhələdəki matçlarını, ondan sonrakı yoxlama görüşlərini izləmişik. Portuqaliya yığmasının stabil heyəti var. Elə çox dəyişiklik etməyiblər. Amma etiraf etmək lazımdı ki, güclü futbolçulara malikdilər. Dünən onların bir oyununa baxdım. İngiltərədə yerli komanda ilə yoldaşlıq görüşləri keçirmiş və 7:3 hesabı ilə qalib gəlmişdilər. Portuqaliyanın elit-raundda İsveç, Uels, Xorvatiya ilə oyunlarını da izləmişəm. Təhlillər aparır, güclü və zəif cəhətlərini öyrənirik.

 

- Belçika və Şotlandiya yığmaları ilə bağlı nə deyə bilərsiniz?

- Onların haqqında da məlumatımız var, oyunlarına baxırıq. Amma hazırda bütün diqqətimizi ilk oyun olduğu üçün Portuqaliya ilə qarşılaşmaya yönəltmişik. Şotlandiya və Belçikanın ilk turdan sonra burdakı heyətlərini təhlil etmək bizim üçün daha asan olacaq. İlk görüşümüz Portuqaliya ilə olacağı üçün daha çox bunun üzərində çalışırıq.

 

- Yekun heyəti nə zaman açıqlayacaqsınız?

- Yəqin ki, mayın 1-də “18-lik” məlum olacaq.

 

- Yəqin ki, özünüz üçün artıq müəyyənləşdirmisiniz...

- Müəyyən mənada. Hadisələri qabaqlamaq istəmirəm. Amma hər şey ola bilər. Çünki qarşıda hələ 3-4 günümüz var.

 

- Komandanızın bacarığına artıq tam bələdsiniz. Avropa çempionatında nəyə ümid edirsiniz?

- Qarşımıza qrupdan çıxmaq məqsədi qoymuşuq. Ondan sonrası bizə düşəcək rəqibdən asılıdı. İştah sonradan gəlir. İlkin hədəf qrup səddini aşmaqdı. Bunun üçün də çox çalışırıq.

 

Ruslan SADIQOV

0