[b]Futbolumuzun utanc gecəsi: Əliyar üzr istəməlidi...[/b]
28.04.2016 - 09:30
[b]Futbolumuzun utanc gecəsi: Əliyar üzr istəməlidi...[/b]

Nə yazacağımı bilmirəm. Şokdan ayılmamışam. Ölkənin ən öndə gedən futbol hakimi Əliyar Ağayevin belə biabırçı səhvə yol verməsini anlamaq, həzm etmək çox çətindi. Axı hər şey onun gözünü qarşısında baş verdi. 100 faizlik penaltini təyin etmək əvəzinə, "Qəbələ"nin futbolçusu Aleksey Qayı simulyasiya etdiyini düşünərək sarı vərəqə ilə cəzalandırdı. Vallah, bu, rəzalətdən başqa bir şey deyil.


Utandım, Əliyar, utandım. Vallah, sənin yerinə utandım. Avroliqanın qrupuna təyinat alanda sənin yerinə necə sevinmişdimsə, bax "Neftçi" - "Qəbələ" matçının 74-cü dəqiqəsində verdiyin qərara görə bir o qədər də xəcalət çəkdim. Əşi, "Xəcalətli Xaqani Məmmədov olsun" deməyin nə faydası var axı? Adam çıxıb "Hə, Əliyar oyunun nəticəsinə təsir edən səhv qərar verdi. İnsandı da, hamı səhv edə bilər, robot deyil ki" deyib, məsələdən birtəhər yayınmağa çalışacaq. Heç bəlkə də bir müddət telefonlara cavab verməyəcək. "Heç-heçəyə 15 dənə verirlər" söhbətinə "montajdı" deyən adamdan başqa nə gözləyirsiz axı?

Allaha and olsun, bir gün hakimlərə görə Azərbaycan futbolunda cinayət işlənəcək. Salacaqlar hakimi təpiyin altına. Fitini ağzından salıb, qulağından çıxaracaqlar. Baxmayacaqlar Xaqani Məmmədovun ağaran saçına, yaşına, başına... A kişi, camaatın əziyyətini niyə yerə vurub, mövsüm ərzində çəkdiyi xərci heçə sayırsız? Bu, hara kimi davam edəcək, hara kimi?

Lap tutaq ki, verdiyi səhv qərara görə, Əliyara 5 oyunluq cəza kəsildi. Tutaq ki, Ağayev bir müddət Premyer Liqa üzünə həsrət qaldı, divizion oyunlarına göndərildi. Bununla "Qəbələ"nin yarası sağalırmı? Xeyr, qardaş, xeyr! Bu rəzalətə son verməyin vaxtıdı! Söhbət təkcə ötən gün 8-ci km qəsəbə stadionunda keçirilən kubokun yarımfinal matçından getmir ki...

Görəsən, "İnter" - "Qarabağ" matçında hakimə oxşayan Elvin Əsgərov səhv penalti təyin edəndə, ağdamlılar da topu bilərəkdən çölə vuranda, heç Xaqani Məmmədov xəcalət çəkmişdi? Vallah, inanmıram! Onsuz da Xaqani Məmmədov qeyri-səmimi biridi. Bütpərəstlərə inanaram, amma ona inanmaram. Çıxış yolu Əliyarın media vasitəsi ilə "Qəbələ"dən üzr istəməsidi. Bunun başqa çıxış yolu yoxdur. Hə, Xaqani bəy hakimlərə oyunu şərh etməyi qadağan edib? Xeyr! Artıq buynuz qulağı keçib, Xaqani müəllim! Bu dəfə siz deyən olmayacaq!
 

Əgər "Kasımpaşa” – "Rizəspor” oyununda verdiyi səhv penaltiyə görə Dəniz Çoban birincilərdən üzr istəmişdisə, Əliyar da istəməlidi. Əgər  "Bavariya”- "Verder”  qarşılaşmasında bremenlilərin qapısına penalti təyin edən hakim Tobias Ştiler qonaqlardan üzr istəmişdisə, Əliyar da istəməlidi. Əgər İngiltərə Premyer Liqasında oynanılan "Çelsi"- "Arsenal" matçını idarə edən hakim Marriner Çemberleni yox, onun komanda yoldaşı Gibbzə qırmızı vərəqə göstərib, meydandan qovub, sonradan qərarının səhv olduğunu etiraf edib, üzr istəmişdisə, Əliyar da istəməlidi. Qrem Poll 2001-ci ildə DÇ-2002-nin seçmə oyunları çərçivəsində keçirilən Sloveniya - Rusiya (2:1) matçının sonlarında səhvən rusların qapısına 11 metrlik cərimə zərbəsi təyin etdiyinə görə üzr istəmişdisə, Əliyar da istəməlidi.

Siz üzr istəməyin, Məmmədov. Sizin səmimiyyətinizə inanmıram, inanmırıq! Sizin yerinizə olsam, bu utanc gecədən, utanc qərardan sonra istefa verərdim. İtirilən hörməti qazanmaq üçün... İstefa özü də bir mədəniyyətdi...

 

Emin Səfərov
sport7.az

 

0