[b]"Azərbaycan hakimliyində ciddi islahatlara ehtiyac var"[/b]
28.04.2016 - 11:54
[b]"Azərbaycan hakimliyində ciddi islahatlara ehtiyac var"[/b]

Azərbaycan Kubokunun ilk yarımfinal görüşləri çərçivəsində keçirilən “Neftçi” – “Qəbələ” matçı (1:1) rezonans doğurdu. Apasport.az saytının məlumatına görə, FİFA referisi Əliyar Ağayevin idarəçiliyi oyuna damğasını vurdu.

 

Qarşılaşmanın 74-cü dəqiqəsindəki epizod daha çox müzakirə mövzusuna çevrildi. Həmin anda sürətli əks-hücuma keçən “Qəbələ”nin legioneri Aleksey Qay rəqib qapıçı ilə təkbətək çıxsa da, Aqil Məmmədovun ona qarşı kobudluğunu hakim simulyasiya kimi qiymətləndirdi. Bu isə təkcə “Qəbələ” klubu deyil, futbol ictimaiyyəti tərəfindən də birmənalı qarşılanmadı.

 

Həmin epizod, eləcə də Əliyar Ağayevin idarəçiliyini müzakirə etmək üçün keçmiş hakim Babək Quliyev və media nümayəndələri ilə əlaqə saxladıq...

 

Babək Quliyev (sabiq FİFA referisi): “Roman Qriqorçuk çox danışan məşqçi deyil. Dilə gəlibsə, deməli, nəsə var. 15 xalı hansı oyunlarda “Qəbələ”nin əlindən aldıqlarını bilmirəm. Amma dünənki görüşdə Əliyar Ağayevin çox kobud səhvi var. Bu səhvə görə mən Əliyarı heç cür bağışlaya bilmərəm. Gözünün önündə, 5 metrliyində birmənalı şəkildə yüz faizlik 11 metrlik cərimə zərbəsini təyin etmirsə.... Üstəlik, o epizodu simulyasiya kimi qiymətləndirməyin özü FİFA referisi üçün gülüncdü. Hakim gözünün qabağındakı epizodu görüb, başqa cür qiymətləndirirsə, bunu nə adlandırmaq olar? Əgər önünü oyunçu kəssəydi, görməsəydi, bunu başa düşərdim. Və yaxud sürətli baş verən epizodu düzgün qiymətləndirməsəydi, yenə də anlayardım. Epizod düz gözlərinin önündə baş verdi, önü də açıq idi. Qay topu atıb, yan tərəfə gedirdi. Hakim orda sarı vərəqə və penalti verməli idi. Bir sözlə, “Qəbələ”nin haqqı yeyildi. Bunun ikinci adı yoxdu. Əgər fikrin başqa yerdə deyilsə, o epizodda niyə penalti vermirsən? Hakim odu ki, meydana çıxıb, oyunu qaydalar çərçivəsində idarə etsin. Nə varsa, onu da verməlisən. Əliyarın qərarı mənim üçün həddindən artıq qaranlıq qaldı. Desəm ki, Əliyar onu bilərəkdən etdi, bunu ona yaraşdırmaram. Desəm ki, bilərəkdən olmadı, yenə böyük suallar yaranır ki, qardaş, bilərəkdən deyilsə, 3 metr önündəki epizodu necə simulyasiya kimi qiymətləndirir? İnanın mənə, hakimliyə 1-2 ay əvvəl gələn həmin epizodda penalti təyin edərdi. Mən bunu ona yaraşdırmadım. “Qəbələ” klubunu başa düşürəm. Mövsüm ərzində bu, birinci epizod deyil. Üst-üstə yığılıb ki, bunlar bu qədər hirsləndilər”. 

 

Mirağa Mirzəyev (“Futbol+” qəzetinin əməkdaşı): “Əliyar Ağayev, əslində, perspektivinə inandığımız, şəxsən mənim idarəçilik üslubunu bəyəndiyim hakimlərdəndi. Dünənki matçın əvvəlində oyuna hakim idi. Sadəcə, “Neftçi”nin bərabərlik qolu ərəfəsində və ondan sonra görüşdə gərginlik artdı və bu zaman Əliyar oyunun ipini əldən buraxdı. Aleksey Qayın epizodunu yüz faiz penalti kimi dəyərləndirməli idi. Çünki orda Qayın simulyasiya etməyə ehtiyacı yox idi. Təkbətək çıxıb, qapıçı ilə üzbəüz qalmışdı və onu da keçib topu boş qapıya göndərəcəkdi. Həmin epizodun video-təkrarını da gördük. Heç görməsəydik də, uzaqdan belə, Aqil Məmmədovun topa deyil, Qayın ayağına oynadığına əmin idik. Çünki Qay topu kənara atıb, qapıçını keçməyə cəhd edirdi. Aleksey hakimin qərarından sonra sırf ədalətsizliyə üsyan elədi. Orda simulyasiyadan söhbət gedə bilməzdi. Hakim, doğrudan da, səhvə yol verdi. Matçın hakim-inspektoru Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov idi və gördü ki, ən perspektivli hakimi belə, bu cür səhv edirsə, deməli, hakimlikdə ciddi problemlər var. Əliyarın başqa səhv qərarları da oldu. Bir növ özünü itirmişdi, oyuna hakim deyildi. Çox güman ki, aşağı qiymət alacaq. Qayın epizodunda qol olsaydı, çox şey dəyişə bilərdi. Roman Qriqorçuk matçdan sonra haqlı olaraq, iradını bildirdi. Bir sözlə, bu matçdakı hakimlik çox aşağı səviyyədə idi”.

 

Rövşən Binnətli (“CBC-Sport” telekanalının şərhçisi): “Əliyar Ağayev kimi hakimin o epizodu görməməyi mümkün deyil. Çünki o, epizodları incəliyinə qədər duyaraq, görüb, qərar verən hakimlərimizdəndi. Həmin anda hakimin epizodu görmə bucağı ideal idi. Əliyar nə baş verdiyini ideal şəkildə görürdü. Qayın o epizodda topla, qapıçının isə onun ayağına oynadığı açıq-aşkar idi. Niyə görmədi? Görmədi də deyə bilmirəm. Amma nə üçün elə qərar verdi, buna cavab vermək mənim üçün çətindi. Şəxsi fikrim budu ki, Aqil Məmmədov yüz faiz Qayın ayağına oynamışdı, topa heç bir müdaxiləsi yox idi. Qay topu qapıçıdan keçirərkən, müdaxiləyə məruz qaldı və yıxıldı. Orda qayda pozuntusu var idi. Rəşad Sadiqovun qırmızı vərəqə aldığı epizodda isə hakimin qərarını obyektiv sayıram. Rəşad özünü elə göstərdi ki, sanki qolu bədənə bitişikdi, amma istənilən halda, qol hərəkət etdirilirsə, burda əllə oynamağa meyllilik var”.

 

Rəşad Ergün (Komanda.az saytının baş redaktoru): “Mətbuat dəfələrlə təklif edib ki, bu cür həlledici oyunlara xaricdən hakimlər dəvət olunsun. Çox təəssüf ki, Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov hər dəfə bizim özümüzün istedadlı hakimlərimizin olduğunu deyərək, buna ehtiyac duymayıb. Dünənki oyun da göstərdi ki, əslində, buna ehtiyac var. Ki, matçdan sonra bu cür narazılıqlar baş verməsin. Əliyar Ağayev bu gün Azərbaycanın ən istedadlı, potensiallı hakimi sayılır. O, bu cür səhvlər edirsə... Mən səhv deyərəm, bəlkə də ola bilsin, burda sifariş olub, hər şey mümkündü. Çünki  fikirləşirlər ki, “Neftçi”nin çempionatdan avrokuboklara getməsi çətin olacaq, kubokda yolunu açmağa çalışırlar. Bu, artıq birinci dəfə deyil, “Neftçi” – “Xəzər Lənkəran” matçında da eyni hal yaşanmışdı. Bilirik ki, orda “Neftçi” haqsızlıqla qələbə qazanmışdı. Artıq hakimlərlə bağlı köklü dəyişikliklər olmalıdı. Azərbaycan çempionatının səviyyəsi çox aşağı düşüb və elə zəif oyunlar olur ki, orda hakimlər səhv etsə belə, gözə görünmür. Amma gəlib bu cür vacib görüşlərə çatanda hakimin bir səhvi də nəzərə çarpır və narazılıqlar baş qaldırır. Hesab edirəm ki, “Qəbələ” narazılıqlarında haqlıdı. Biz, mətbuat bir şeyi aydınlaşdırmalıyıq. Bu hakim səhvləri sifarişlə edilir, ya yox? Əgər hakim epizodu görürsə və düzgün qiymətləndirmirsə, belə çıxır ki, sifarişli idarəçilik olub. Deməli, ona tapşırırlar ki, “Neftçi”ni kubokda mümkün qədər irəli dartmaq, finala çıxarmaq lazımdı. Bir şeyi də deyim ki, indiki məqamda “Neftçi” avrokuboka çıxsa, biabırçılıq olacaq. Komandanın potensialının nə olduğunu hamı yaxşı bilir. Bu komanda avrokubokda ölkəni də biabır edəcək, özünü də. Son olaraq qəti şəkildə deyirəm ki, Azərbaycan hakimliyində ciddi islahatlara ehtiyac var. Təklif edərdim ki, Azərbaycan kubokunun finalında hansı komandaların qarşılaşmasından asılı olmayaraq, əcnəbi hakim dəvət edilsin. Türkiyə, Ukrayna və ya Gürcüstandan referi dəvət etmək olar, bu, mütləqdi. Xaqani Məmmədov daşı ətəyindən töküb bilməlidi ki, Azərbaycanda hakimliyin səviyyəsi çox aşağıdı. Sadəcə, Azərbaycan çempionatının səviyyəsi də çox aşağı düşüb deyə, hakimlərin səhvləri o qədər də gözə görünmür”.

 

 

 

0