[b]İlqar Qurbanov: Bura futbolçunun ömrünü qısaldır - MÜSAHİBƏ[/b]
28.04.2016 - 18:12
[b]İlqar Qurbanov: Bura futbolçunun ömrünü qısaldır - MÜSAHİBƏ[/b]

“Qarabağ” klubunun müdafiəçisi İlqar Qurbanovun apasport.az saytına müsahibəsi

 

- Azərbaycan Kubokunun ilk yarımfinal matçında “İnter” üzərində qazanılan 4:0 hesablı qələbəni nə ilə əlaqələndirərdiniz?

- İlk oyun idi, bu baxımdan düşünürəm ki, çox yaxşı nəticə qazandıq. Hava çox isti idi. Bundan başqa, süni meydança da ağır olduğundan, oynamaq çətin olurdu. Əsas odu ki, əlimizə düşən qol imkanlarından lazımınca yararlandıq. Amma iş hələ bitmiş sayılmır. Qarşıda cavab oyunu var, üstəlik, çempionatda mübarizə davam edir. Böyükhesablı qələbə qazansaq da, düşünürəm ki, “İnter”lə cavab matçı çətin keçəcək.

 

- Qəbul edirsiz ki, “İnter” gözlənildiyi kimi oynamadı?

- Ümumiyyətlə, bizim ən çətin oyunlarımız həmişə “İnter”ə qarşı olub. Çünki çox yaxşı müdafiə olunan, ağıllı çıxış edən komandadı. Sadəcə, bu dəfə yaranan şanslardan maksimum istifadə edib qollar vurduq. İnşallah, bunun davamını cavab görüşündə də gətirərik.

 

- Bu hesabı heç kim gözləmirdi...

- Elə bizim üçün də gözlənilməz oldu. Düzdü, meydana qələbə üçün çıxmışdıq. Ümumiyyətlə, bütün matçlarda bu barədə düşünürük. Ancaq bu dəfə hesabın belə böyük olacağını gözləmirdik.

 

- Bir neçə gün əvvəl “İnter”lə çempionat matçında üz-üzə gəlmiş və 2:0 hesabı ilə qələbə qazanmışdınız. Həmin “İnter”lə budəfəki komanda arasında nə kimi fərq var idi?

- Heyətlərində dəyişikliklər var idi. Biz də onları yaxşı təhlil etmişdik. Nəticəsi də göz önündədi.

 

- Süni meydanda oynamaq sizə nə kimi problemlər yaratdı?

- Belə meydanda oynamaq çox çətindi. Hər an zədələnə bilərsən. Elə bu qarşılaşmada Muarem zədələnərək əvəzləndi, bir neçə futbolçumuz yüngül zədə aldı. Vallah, bura futbolçunun ömrünü qısaldır. Təbii otla süni arasında çox fərq var. 80-90 faiz futbolçunun zədələnməsinin səbəbkarı bu süni meydançalardı.

 

- Öz oyununuza necə qiymət verərdiz?

- Normal. Uzun müddət idi ki, oynamırdım. Şansımı gözləyirdim. Baş məşqçi də mənə bu imkanı yaratdı.

 

- Adətən, cinahdan tez-tez hücuma keçməyinizlə diqqət çəkirsiz. Amma bu dəfə daha çox müdafiədə qaldız...

- 1-2 dəfə hücuma çıxdım. Hər dəfə getmək olmur. Uzun müddət oynamayanda istər-istəməz gücünü yaymalı olursan, təmkinli oynayırsan.

 

- “Qarabağ”ı artıq finalda hesab etmək olar...

- Xeyr, qəti.

 

- Səfərdə 4:0 hesablı qələbə qazanmısız. Bundan sonra “İnter”dən möcüzə gözləyək?

- Futbolda hər an gözləmədiyin hadisə baş verə bilər. Bizim səfərdə 4 top fərqi ilə qələbə qazanacağımızı da heç kim gözləmirdi. Allah eləməsin, cavab görüşündə bunun əksi ola bilər. Bu oyunu təhlil edib, çatışmayan cəhətlərimizi görməliyik.

 

- Premyer Liqa çempionluğuna da çox yaxınsız. Növbəti turda “Zirə”ni məğlub edərək bunu rəsmiləşdirə biləcəksizmi?

- Sizin də dediyiniz kimi, “Zirə” ilə görüşdə bu məsələyə aydınlıq gələ bilər. İnşallah, qələbə qazanıb istəyimizə çatarıq.

 

- Cari mövsümün sizin üçün rahat keçdiyini demək olarmı?

- Hamı rahat olduğunu deyir, amma vallah, bizə rahat deyil. Bütün rəqiblər bizə ciddi müqavimət göstərirlər. Əslində, oyunlarımız ağır keçir. Qarşıda hələ 5 oyun durur. Yəqin ki, həmin görüşlərdə də müqavimətlə üzləşəcəyik.

 

- Mövsümün sonunda klubla müqavilə müddətiniz bitir. Gələcəklə bağlı planlarınız nədi?

- Rəhbərlikdən yeni müqavilə təklifi olsa, qalacam. İlk seçimim “Qarabağ” olacaq. Öz doğma klubumdu. Rəhbərlik bilir ki, mövsüm başa çatmamış başqa heç bir təklifə baxmıram, danışıq aparmıram. İndi də mövsümün sonunu gözləyirəm.

 

Ruslan SADIQOV

0