[b]“Azərbaycanda bacardığımız qədər çox qalmalıyıq”[/b]
29.04.2016 - 10:47
[b]“Azərbaycanda bacardığımız qədər çox qalmalıyıq”[/b]

“Azərbaycandakı çempionat öncəsi çatışmazlıqlarımızı aradan qaldırmaq üçün hələ də vaxtımız var. Bizi gözləyən bütün çətinliklərə hazır olmalıyıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bosniya və Herseqovinanın 17 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi Sakib Malkoçeviç deyib.

 

Bakıda keçiriləcək U-17-lərin Avropa çempionatına qatılacaq bosniyalılar ölkəmizə mayın 2-də təşrif buyuracaqlar. Malkoçeviç çempionat öncəsi ölkəsində mətbuat konfransı keçirib. Komandasının turnirə tam hazır olduğunu bildirən məşqçi iddialı danışıb: “Bütün futbolçularımız yaxşı formadadırlar. İlk dəfədi ki, yığmada belə ideal vəziyyət yaranıb. Avropa çempionatı öncəsi heç bir problemimiz yoxdu. Hazırkı məqamda bizi ilk oyun düşündürür və ona köklənmişik. Özümüzü Azərbaycana gedəcək komandaların heç birindən zəif saymırıq”.

 

Malkoçeviçlə birlikdə komandanın üzvləri Stefan Kovaç və Yasmin Çelikoviç də mətbuat konfransında iştirak ediblər.

 

Kovaç ölkəmizə turist kimi gəlməyəcəklərini bildirib: “Azərbaycanda bacardığımız qədər çox qalmalıyıq. Yəni mübarizəni sona qədər davam etdirmək istəyindəyik”.

 

Çelikoviç isə Avropa çempionatında yaxşı mənada fərqlənən komandalardan biri olacaqlarına ümid etdiyini bildirib.

 

Qeyd edək ki, ilk dəfə AÇ-nin final mərhələsinə qatılacaq Bosniya və Herseqovina yığması Avstriya, Almaniya və Ukrayna ilə birlikdə B qrupunda mübarizə aparacaq.  

0