[b]Cavid Hüseynovun anası prezidentə müraciət edib[/b]
29.04.2016 - 13:09
[b]Cavid Hüseynovun anası prezidentə müraciət edib[/b]

Yığmamızın həbsdə olan futbolçusu Cavid Hüseynovun anası Xalidə Hacıyeva Azərbaycan prezidenti İlham Əliyev, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət edib. Apasport.az saytının məlumatına görə, X.Hacıyeva müraciətində oğlunun işinə ədalətli baxılmasını xahiş edib.

“Bütün ölkənin diqqətini cəlb edən hadisədə fotoreportyor Rasim Əliyevin vəfat etməsi bir ana kimi məni də hədsiz kədərləndirdi. Bu hadisədə oğlumun adının hallanması isə ikiqat zərbə oldu. İlk gündən hadisənin obyektiv araşdırılacağına şübhə etmədiyimizdən istintaqın başa çatmasını gözlədik və artıq ictimaiyyət də günahkarların kimliyini bilir. Bu hadisədən ölkəmizin əleyhinə istifadə etmək istəyən xarici qüvvələrin təzyiqinə baxmayaraq, işin obyektiv araşdırılması üçün hadisələri birbaşa nəzarətə götürən Cənab Prezidentimizə buna görə ailəmiz adından minnətdarlığımı bildirmək istəyirəm. Bildirmək istəyirəm ki, əgər oğlum Cavid Hüseynovun bu hadisədə hansısa şəkildə günahkar olduğunu bilsəydim, ilk olaraq özüm onun ölkəmizin qanunları qarşısında cavab verməsini tələb edərdim. Çünki həyat yoldaşım Şakir Abbas oğlu Hüseynov da daxil olmaqla, bu torpaq uğrunda şəhid olan oğullar ölkəmizin yaşaması, qanunların aliliyinin qorunması üçün canlarından keçiblər” – deyə, müraciətdə bildirilir.

X.Hacıyeva həyat yoldaşının 1993-cü ildə Qarabağ döyüşlərində şəhid olduqdan sonra “İgidliyə görə” medalı ilə təltif olunduğunu qeyd edib: “Atası kimi, oğlum Cavid Hüseynov da dövlətə xidmət etməyi, çalışdığı sahədə ölkəmizin şərəfini qorumağı həmişə əsas məqsəd sayıb. Üç azyaşlı uşaqla qaçqınlar üçün ayrılmış yataqxanalarda min-bir əziyyətlə şəhid övladını “qatil” kimi böyütmək bizim tərbiyəmizə yaddı. Cavidin məhz idman sahəsini seçməsi, burda uğurlara nail olması, milli komandada vacib qollar vuraraq, dövlətimizin idmanın inkişafına yönələn siyasətinə öz töhfəsini verməsi bir ana kimi məni çox sevindirirdi.  Digər oğlum – Köln Universitetində təhsilini davam etdirən Şərif Hüseynovun da Vətən üçün layiqli övlad və önəmli kadr kimi yetişəcəyinə inamım böyükdür. Amma baş verən məlum bədbəxt hadisə ailəmizin hər bir üzvünü sonsuz narahat edir. Bir ana kimi xahiş edirəm ki, oğlumun iki körpə uşağına bağışlanmasına kömək göstərəsiniz”.

 

0