[b]Xaqani Məmmədov daha bir hakim səhvini boynuna aldı[/b]
29.04.2016 - 17:17
[b]Xaqani Məmmədov daha bir hakim səhvini boynuna aldı[/b]

Topaz Premyer Liqasının XXXI turu çərçivəsində baş tutan “Sumqayıt” – “Kəpəz” matçında kobud hakim səhvi aşkarlanıb. Apasport.az saytının məlumatına görə, qonaqların 3:2 hesablı qələbəsi ilə nəticələnən görüşdə baş hakim Rauf Cabbarov meydan sahiblərinin lehinə penalti təyin etməyib.

 

Hakimlər Komitəsi son turun matçlarındakı mübahisəli epizodların müzakirəsi zamanı bu qərara gəlib. “Sumqayıt” – “Kəpəz” qarşılaşmasındakı epizodların müzakirəsi zamanı bir epizodda referinin səhvə yol verdiyi bildirilib. Belə ki, gəncəlilərin qapıçısı Tadas Simaitis cinah ötürməsi zamanı topu ələ keçirmək istəyərkən, meydan sahiblərinin müdafiəçisi Vurğun Hüseynova qarşı kobudluq edib.

 

Epizodu dəyərləndirən digər hakimlər, həqiqətən də, həmkarlarının səhvə yol verdiyini bildiriblər. Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov da onlarla həmfikir olub. Doğrudu, Cabbarov düzgün qərar qəbul etdiyini israrla bildirib. O, deyib ki, həmin epizodda Simaitis əlini topa uzatmışdı və geri çəkə bilməzdi. Buna baxmayaraq, Xaqani Məmmədov yekun olaraq, bunun yanlış qərar olduğunu söyləyib.

 

Həmin turun “Qarabağ” – “İnter” (2:0) qarşılaşmasının idarəçiliyində isə ciddi nöqsanlar aşkarlanmayıb. Komitə sədri görüşü idarə edən Rəvan Həmzəzadənin xırda foullara diqqət çəkməli olduğunu tövsiyə edib.

 

Qeyd edək ki, hazırda davam edən toplantıda ötən turda idarəçilik etmiş hakimlər iştirak edir və onların verdikləri qərarlar videoçarxlarla müzakirə olunur.

0