[b]“Çıxıb bunların yerinə hakimlik edən deyiləm ki...Xaqani Məmmədov[/b]
29.04.2016 - 18:16
[b]“Çıxıb bunların yerinə hakimlik edən deyiləm ki...Xaqani Məmmədov[/b]

“Son zamanlar hakimlik mövzusunu gündəmə gətirmək istəyənlər var. İstənilən ölkələrdə hakim səhvləri olur. Hər hansı bir hakim səhvi olan kimi, Xaqani Məmmədov və Ramin Musayev gündəmə gətirilir”. Apasport.az saytının məlumatına görə, bunu AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov deyib.

 

Komitə sədri hakimlərin iclasından sonra keçirilən mətbuat konfransında onları tənqid edənlərə qarşı ittihamlar səsləndirib: “Bəzi dırnaqarası mütəxəssislər bizi “vurmağa” çalışırlar. 10-15 il əvvəl baş verən hadisələr yoxdu. Həmin zaman özbaşınalıq və sifariş var idi. İndi isə rüşvət və belə hallar yoxdu. Bəzən səhvlər olur və bu səhvlər bilərəkdən edilmir. 2008-ci ildə ölkəmizdə hakim yox idi. İndiki FİFA referilərimizi uşaq futbolundan yığıb gətirmişəm. Gördüyümüz işlər göz qabağındadı. Düzdü, çatışmazlıqlarımız var və yenə olacaq. İndi rüşvət yoxdu, ancaq muzdla yazı yazanlar var. Nəhəng “Barselona” Çempionlar Liqasının 1/4 final mərhələsində milyonlar itirdi. Təbii ki, hakim səhvinə görə”.

 

Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində baş tutan “Neftçi” – “Qəbələ” (1:1) görüşündə baş hakim Əliyar Ağayevin səhvə yol verdiyini etiraf edən Məmmədov bunu psixoloji yorğunluqla əlaqələndirib: “Əliyar Ağayev səhv edə bilər. Əliyar bir neçə oyunda ciddi səhvlərə yol verib. Amma o, ölkəmizin ən yaxşı referilərindən biridi. Çempionatımızın ən çətin matçlarından birini idarə edən hakim Əliyar Ağayevdi. O, bu mövsüm bir neçə ağır oyun idarə edib, buna insan psixologiyası dözərmi? I Diviziona diqqət yetiririk. Oyun alqı-satqısını sübut etmək yalnız o halda olur ki, bir komandanın 5-6 futbolçusu gəlib onu etiraf edir. Başqa cür bunu sübut etmək mümkün deyil”.

 

Komitə sədri vəzifəsindən ayrılmaq fikrindən uzaq olduğunu əlavə edib: “Heç kim heç yerdən iki əlli yapışmayıb. Kreslo daimi deyil. 2008-ci ildən bu yana qurduğumuz sistem düzdü. Getmək fikrim yoxdu. İşimin öhdəsindən lazımınca gəlirəm. Bundan artıq nə etməliyəm? Çıxıb bunların yerinə hakimlik edən deyiləm ki”.

0